MƏDƏNİYYƏT


Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair Dövlət Proqramı uğurla icra olunur

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Xalça Muzeyi tərəfindən “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Moskva şəhərində fəaliyyət göstərən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin əsas ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajında düzəlişlər həyata keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, eksponatlar barədə qeyd olunan məlumatlarda xalçaların istehsal olunduğu məkan kimi Azərbaycan göstərilir.

Qeyd edək ki, bu düzəlişə qədər Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində ölkəmizə aid eksponatların istehsal yeri kimi Azərbaycan qeyd olunmamışdı. Bununla əlaqədar Azərbaycan Xalça Muzeyi tərəfindən Şərq Xalqları Muzeyinin rəhbərliyinə dəfələrlə müraciət edilmişdir.

Daha sonra konstruktiv danışıqlar nəticəsində muzeylər arasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələri qurulub. Bu əməkdaşlıq nəticəsində ilk olaraq cari ilin aprel-may aylarında adıçəkilən muzeylərin birgə təşkilatçılığı ilə “Məkanın harmoniyası. Azərbaycan ənənəvi incəsənəti” adlı sərgi keçirildi. Sərgidə hər iki muzeyin kolleksiyalarından Azərbaycan inciləri, o cümlədən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ilk eksponatı olan Azərbaycan XIX əsrə aid ölkəmizin dilbər guşəsi Qarabağda toxunan “Bəhmənli”xalçası da təqdim olundu. Həmçinin Azərbaycan Xalça Muzeyi tərəfindən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid otuza yaxın eksponatın, o cümlədən, xalça və xalça məmulatı, mis qab və bədii tikmə nümunələrinin elmi atribusiyası aparılmışdır. Yenilənmiş informasiya bu muzeyin məlumat bazasına artıq əlavə olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, sözügedən muzey Rusiyanın böyük, məşhur və ən çox ziyarət olunan mədəniyyət ocaqlarından biridir. Burada Azərbaycan sənətkarları tərəfindən yaradılan mükəmməl dekorativ-tətbiqi sənət nümunələri saxlanılır və daimi ekspozisiyada uğurla sərgilənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.