REGİONLAR
Xalçaçılıq ənənələri Pirəbədil kəndində bu gün də qorunub saxlanılır VİDEO
Şabran, 7 mart, Elxan Yusifli, AZƏRTAC
Pirəbədil xalçaları Quba xalçaçılıq məktəbinin parlaq kompozisiyalarından sayılır. Bu xalçanın adı Şabran rayonunun eyniadlı kəndindən götürülüb. Pirəbədil kəndi 1930-cu illərə qədər Quba qəzasının ərazi vahidliyinə aid olub.
AZƏRTAC xəbər verir ki, Pirəbədil kəndində bu gün də xalçaçılıq ənənələri qorunub saxlanılır. Bu kənddəki əksər evlərdə xalça dəzgahları mövcuddur. Pirəbədillilər qız köçürərkən əllə toxunan xalça əsas cehiz sayılır.
Otuz ildən çoxdur xalça toxumaqla məşğul olan Pirəbədil kənd sakini Elbəniz Təhməzova bu sənətin sirlərini anasından və nənəsindən öyrəndiyini bildirir. Uşaq yaşlarından xalça toxumağa başlayan E.Təhməzova vaxt keçdikcə bu peşənin bütün sirlərinə yiyələnib. Hazırda isə toxuduğu xalçalardan gələn gəlir ailə büdcəsinin formalaşmasında əsas rol oynayır. Xalçaçı bir il ərzində iki, bəzən isə üç xalça toxuyur. Onun toxuduğu xalçaların əsas özəlliyi ondadır ki, lazım olan boyaları təbii vasitələrdən özü əldə edir. Bəzi hallarda isə hətta xalçada istifadə olunan ipləri də özü əyirir.
Elbəniz Təhməzova bildirir ki, səbir və diqqət tələb edən xalçaçılıq həm də gəlirli sahədir. Təbii boyalarla rənglənmiş iplərdən toxunan xalçalar uzun müddət öz parlaqlığını və rəngini itirmədiyindən daha çox satılır. Kənd sakinləri toxuduqları xalçaları ölçüsündən asılı olaraq 800-1500 manata təklif edirlər. Amma son zamanlar satış mərkəzlərində qiyməti ucuz olan, keyfiyyətsiz xalçalara daha çox rast gəlinir. Bu da yerli xalçaçıların məhsullarının satışına əngəl yaradan əsas amillərdəndir. Yerli sənətkarlar toxuduqları xalçaların xarici bazara çıxarılması və satışının təşkili üçün müxtəlif layihələrin reallaşdırılmasını istəyirlər.
Yerli xalça toxuyanlar Pirəbədil xalçasını üzərindəki naxışlara uyğun “Burma”, “Qırman”, bəzən isə “Qayçı” adlandırırlar. Bu xalçalar daha qədim tarixə malik olması ilə seçilir. Pirəbədil xalçasının əsas elementləri sol-sağ tərəflərində igidlik və ərlik rəmzi olan “qayçı” və “buynuz” təsviri, ortada isə “hindtoyuğu”, onun kənarlarında meyvə ağaclarının yarpaqları və səkkizguşəli təsvirin olmasıdır. Bu xalçaların əksəriyyətinin orta sahəsi adətən tünd göy, bəzən isə tünd qırmızı rəngdə olur.