MƏDƏNİYYƏT


Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb

Bakı, 12 iyul, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) respublikamızın bölgələrində yaratdığı filiallar fəaliyyətə başlamamışdan əvvəl xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil olunur. Cəmiyyətin 2016-2017-ci illərdə yaradılan filiallarında çalışan toxucular bu kurslarda xalçaçılığın sirlərinə yiyələniblər.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan dövrdə tədris-hazırlıq kurslarına 1500 nəfər cəlb olunub. “Azərxalça” 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan daha 10 filialında çalışacaq toxucular üçün də tədris-hazırlıq kursları təşkil edib.

İyulun 11-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov Abşeron rayonunun Qobu qəsəbəsində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən qadınlarla görüşüb.

Məlumat verilib ki, tədris-hazırlıq kursu hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək hazırlıq kursuna 50 nəfər cəlb olunub. Tədris-hazırlıq kursunda iştirak etmək üçün təkcə Qobu qəsəbəsindən deyil, yaxınlıqdakı Hökməli və Güzdək qəsəbələrindən də müraciətlər vardır.

Vidadi Muradov Azərbaycanda xalçaçılığın tarixindən, ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Tədris-hazırlıq kurslarının əhəmiyyətini vurğulayan İdarə Heyətinin sədri kurslarda dərslərin böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparıldığını bildirib.

Qeyd edilib ki, Goranboy, Tərtər, Kürdəmir, Şabran, Qobustan rayonlarında, Lənkəran şəhərində də belə kurslar təşkil olunub. Bu kurslar başa çatdıqdan sonra “Azərxalça” tərəfindən sertifikat verilən toxucular Cəmiyyətin filiallarında işlə təmin ediləcəklər.

Görüşdə xalçaçılığın müasir vəziyyəti, problemləri, onların aradan qaldırılması yolları, həmçinin bu sənətin daha kütləvi şəkildə davam etdirilməsi imkanları müzakirə olunub.

Vidadi Muradov kursda iştirak edənlərə uğurlar arzulayıb, onların toxuculuğun sirlərinə dərindən yiyələnəcəklərinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.