SİYASƏT


Xalid bin Əbdüləziz Əl-Falih: Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdır

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 23-də xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində bu ölkənin investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşüb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqları səmimi salamlayan səudiyyəli nazir ölkəmizə səfərlərini və dövlətimizin başçısı İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dövlət başçıları səviyyəsində münasibətlərə toxunaraq, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və əməkdaşlığın digər sahələrdə də inkişafının vacibliyini vurğulayıb. Nazir əməkdaşlığın inkişafında Hökumətlərarası Müştərək Komissiyanın rolunu qeyd edərək, Komissiyanın 2019-cu ilin mart ayında Bakıda keçirilən son iclasının uğurlu olduğunu vurğulayıb. O, iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı, turizm və mədən sənayesi sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.

Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

Nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və həyata keçirilən infrastruktur layihələrindən danışaraq, dost Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün böyük potensialın olduğunu bildirən nazir, bu sahədə əməkdaşlığın fəallaşdırılmasının vacibliyini qeyd edib.

Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov qeyd olunan sahədə pandemiyadan əvvəl müşahidə olunan müsbət dinamikanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini bildirib.

Xalid Əl-Falih ölkəsinin enerji naziri qismində Azərbaycana səfəri zamanı bərpa olunan enerji və neft-kimya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdiyini diqqətə çatdıraraq, ölkəmizin turizm imkanlarına toxunmuş hava nəqliyyatı sahəsində əməkdaşlıqdan bəhs edərək, sərnişindaşıma ilə yanaşı, yükdaşımaların da həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirərək, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edərək, Azərbaycan–Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkilindən bəhs edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.