ELM VƏ TƏHSİL
Xalıq Yahudov: AzTU-nun tələbələri ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Azərbaycan Texniki Universitetində (AzTU) 2 fevral – Azərbaycan Gənclər Gününə həsr olunan tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov universitetdə bilikli, bacarıqlı mühəndis kadrların hazırlanması üçün hər cür şəraitin yaradıldığını söyləyib. AzTU-da gənclərlə bağlı həyata keçirilən layihələrdən danışan X.Yahudov bütün bu işlərin Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətinin tərkib hissəsi olduğunu bildirib. O, Azərbaycanda Gənclər Gününün təsis edilməsinin ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının parlaq nümunəsi olduğunu vurğulayıb.
Qeyd edilib ki, AzTU-nun tələbələri hər zaman ölkənin ictimai-siyasi həyatında fəal rol oynayıb və əsl vətəndaş mövqeyi nümayiş etdiriblər.
AzTU-nun tələbə həmkarlar ittifaqı komitəsinin sədri Elvin Bəxtiyarlı ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və tələbələrin müxtəlif sahələrdə qazandıqları uğurlardan danışıb.
Çıxış edənlər ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, gəncliyə diqqət və qayğıdan söz açıblar. Qeyd edilib ki, gənc nəslin nümayəndələrinə göstərilən bu qayğı və diqqət gənclərlə bağlı infrastruktur bazasının yaradılması, müəyyən qanunların qəbul edilməsi, konkret hədəflərə hesablanmış dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın gələcəyi üçün layiqli gənc nəsil yetişdirmək məqsədi daşıyır.
Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə fəxri fərman və hədiyyələr təqdim edilib.