ELM VƏ TƏHSİL


Xalıq Yahudov: Gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı öz işinə başlayıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetdəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə gənclərə qayğının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən rektor əvəzi ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin hərtərəfli inkişafına, o cümlədən təhsilinə diqqət və qayğısını vurğulayıb. X.Yahudov Ulu Öndərin “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli Fərmanının əhəmiyyətindən danışıb. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatının əsası intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən asılıdır. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin vacib istiqamətlərindəndir. Rektor əvəzi bildirib ki, son illər aparılan islahatlar gənclərin hərtərəfli inkişafının təmin olunması istiqamətində şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

Konfransın plenar iclasında tələbə və gənc tədqiqatçıların “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Yüksək sürətli frez alətlərinin təhlükəsiz və etibarlı tətbiqinin yeni metodunun işlənməsi” və “Planetar reduktorların axtarışla konstruksiya edilməsi” mövzularında məruzələri dinlənilib.

Konfrans işini “Avtomatika və kompüter texnikası”, “Nəqliyyat”, “Elektrotexnika və energetika”, “Metallurgiya”, “Maşınqayırma”, “Radiotexnika və rabitə”, “Mühəndis biznesi və menecment”, “Xüsusi texnika və texnologiya”, “Təbiət və fundamental elmlər”, “Humanitar elmlər” və “Dillər” bölmələri üzrə davam etdirib.

Ümumilikdə respublikanın 44 müxtəlif müəssisəsinin cəlb olunduğu konfransa 828 məqalə təqdim edilib. Məqalələrdən 627-si AzTU əməkdaşları tərəfindən, 144-ü isə kənar müəssisələr tərəfindən göndərilib.

Konfrans mayın 5-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.