MƏDƏNİYYƏT


Xalq Artisti Firəngiz Əlizadənin 70 illik yubileyi qeyd olunub

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Yubilyarı təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadə yaradıcılığına xas olan cəhətdir. Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir.

Nazir vurğulayıb ki, F.Əlizadə "Muğam aləmi" və "İpək Yolu" Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında da öz töhfəsini verir.

Diqqətə çatdırılıb ki, onun “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Qraniza” baletləri, müxtəlif ansambl tərkibi üçün “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron”, “Silk road”, violonçel və orkestr üçün konsert və digər əsərləri Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir.

Nazir deyib ki, həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz xanım ömrünün 70-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək.

Yubilyarı bir daha təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin Sərəncamına əsasən təltif edilən Xalq Artisti Firəngiz Əlizadəyə “Şərəf” ordenini təqdim edib.

Firəngiz Əlizadə çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu ordeni bütövlükdə Azərbaycan bəstəkarlıq məktəbinə və bu məktəbin böyük simalarının zəhmətinə verilən qiymət kimi dəyərləndirib.

Xalq Artisti Azərbaycan mədəniyyətinin təbliği istiqamətində reallaşdırılan böyük layihələrə görə Heydər Əliyev Fonduna və hər zaman yaradıcı insanlara xüsusi diqqət və qayğı göstərən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Yubilyara Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğulayıb.

Tədbir konsert proqramı ilə davam edib. Konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə bəstəkarın müxtəlif illərdə yazdığı Fortepiano və orkestr üçün konsert, “İntizar” operasından Əslinin ariyası, xor, orkestr və solistlər üçün – “Nasimi Passion” əsərləri səsləndirilib. Orkestrə Xalq Artisti Fəxrəddin Kərimov dirijorluq edib.

Qeyd edək ki, bununla da Firəngiz Əlizadənin 70 illiyinə həsr olunmuş musiqi festivalına start verilib. İyunun 5-dək davam edəcək festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində, Dövlət Filarmoniyasında və Bəstəkarlar İttifaqının konsert zalında silsilə tədbirlər keçiriləcək. Bu tədbirlərdə bəstəkarın əsərləri səsləndiriləcək, onun yaradıcılığından bəhs edən elmi-konfrans təşkil olunacaq və sənətkara həsr edilmiş film nümayiş ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.