MƏDƏNİYYƏT
Xalq Artisti Hacıbaba Bağırovun xatirəsi anılıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi unudulmaz gülüş ustası, Xalq Artisti Hacıbaba Bağırovun vəfatının 10-cu ildönümü ilə bağlı oktyabrın 4-də böyük sənətkarın məzarını ziyarət edib.
Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətindən bildirilib.
“Azərbaycan teatr sənətində əbədi iz qoyanlardan biri də böyük gülüş ustası Hacıbaba Bağırovdur. İstər kino sahəsində, istərsə də teatr tamaşalarında canlandırdığı obrazlar bunun bariz nümunəsidir. Uzun illər indiki Azərbaycan Dövlət Musiqili Teatrının direktoru vəzifəsində çalışması həm də onun bir rəhbər kimi idarəetmə bacarığının sübutu idi. Həm aktyor, həm direktor, həm də bir insan kimi Hacıbaba müəllim hər zaman başqalarından seçilirdi. O, mədəniyyət tariximizdə daima yaşayacaq sənətkarlardandır”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev H. Bağırovun anım mərasimindəki çıxışı zamanı bildirib.
Sonra Dövlət Musiqili Teatrının ədəbi hissə müdiri, Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızı, Xalq Artisti İlham Namiq Kamal, Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar Mədəniyyət İşçisi Elxan Ocaqov çıxış ediblər. Onlar Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, yaratdığı hər bir obrazın özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşüb, böyük sənətkarın işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər.
Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından tədbirdə iştirak edən Dövlət Musiqili Teatrının kollektivinə, aktyorun sənətini sevən hər kəsə təşəkkürünü bildirib.