MƏDƏNİYYƏT


Xalq Artisti Rauf Abdullayevin sənət işığında

Bakı, 20 noyabr, AZƏRTAC 

Noyabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış dirijor, “Şərəf” və “İstiqlal” ordenli, Xalq Artisti, Dövlət mükafatı laureatı Rauf Abdullayevin 80 illik yubileyinə həsr edilən yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarı yubileyi və bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “İstiqlal” ordeni ilə təltif olunması münasibətilə təbrik edərək onun milli musiqimizin inkişafındakı xidmətlərindən danışıb.

Bildirilib ki, Azərbaycan musiqisinin inkişafında və dünya miqyasında tanıdılmasında onun misilsiz xidmətləri olub. Rauf Abdullayev 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirib, daha sonra 1960-1965-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik orkestr dirijorluğu fakültəsində təhsil alıb. Görkəmli dirijorun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bir çox xarici ölkələrdə böyük uğurla çıxış edib. Rauf Abdullayevin musiqi sənəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, 1970-ci ildə Əməkdar İncəsənət Xadimi, 1982-ci ildə Xalq Artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına layiq görülüb, 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf”, 2017-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.

Respublikanın elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsi Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqilərlə müşayiət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.