REGİONLAR
Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrində şanlı bir mərhələdir
Mingəçevir, 26 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı şəhər icra hakimiyyəti ilə birgə Azərbaycan Xalq Cümhurriyyətinin 100 illiyi münasibətilə elmi-nəzəri konfrans keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi haqqından Prezident İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələr və şəhərdə keçirilən tədbirlər haqqında məlumat verib, Cümhuriyyətin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, ulu öndər Heydər Əliyevin Azərbaycanın Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsində xidmətlərindən də danışıb.
Daha sonra YAP Mingəçevir şəhər təşkilatının İdarə Heyətinin üzvü Ramiz Kərimov “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun həyata keçirdiyi tədbirlər”, 12 saylı tam orta məktəbin direktoru Mirzə Cavadov “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzə ediblər.
X X X
Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.
Təhsil mərkəzinin direktoru Azad Məmmədov çıxış edərək 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib. 1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir mərhələ olduğunu vurğulayan Azad Məmmədov ümummilli lider Heydər Əliyevin üçrəngli bayrağımızı yenidən dalğalandıraraq Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addım atdığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər 1918-ci il mayın 28-də qazanılan müstəqilliyin tarixi əhəmiyyətindən söz açıblar. Vurğulanıb ki, XX əsrin sonunda yenidən müstəqilliyini bərpa edən Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.
X X X
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olub. İlk dəfə qadınlara seçib-seçilmək hüququ verilib və qadın-kişi bərabərliyi təmin edilib. Milli ordu, milli pul, Milli Bank yaradılıb, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması reallaşıb.
Bu fikirlər Ağdaş rayon Mərkəzi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cu ildönümü münasibətilə keçirilən ”Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə yaranan ilk demokratik respublikadır” mövzusunda elmi-nəzəri konfransda səsləndirilib.
Tədbirdə kitabxananın direktoru Seyfəddin Feyzullayev çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyəti dövründə böyük nailiyyətlər əldə edib. Təəssüflər olsun ki, müstəqil cümhuriyyətimiz bolşeviklərin işğalı nəticəsində süquta uğrayıb. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra digər atributlar kimi, dövlət bayrağımız da Azərbaycan səmasında dalğalanmağa başlayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb. Prezident İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Seyfəddin Feyzullayev qeyd edib ki, dünyada ən hündür bayraq dirəyi məhz Azərbaycanda, Bakıda ucaldılıb, bayraq muzeyi yaradılıb.