REGİONLAR
Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsinin qalibləri mükafatlandırılıb
Gəncə, 3 may, Rauf Hacıyev, AZƏRTAC
Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gəncə Şəhər Təhsil İdarəsi və Uşaq–Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Nizami yurdunda 10–17 yaşlı uşaq və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi keçirilib.
Gəncə Şəhər Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə olan marağı artırmaq və məktəblilərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdır.
Müsabiqədə ikinci zona üzrə - Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Daşkəsən, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Kəlbəcər, Xocalı, Xocavənd ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Ümumilikdə 18 şəhər və rayonun 53 məktəbindən 103 əl işi müsabiqəyə təqdim olunub.
Təsviri sənət müsabiqəsində iki yaş kateqoriyası üzrə ilk üç yer üçün qaliblər və bir həvəsləndirici yer seçilib. Qaliblər Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş diplom və hədiyyələrlə mükafatlandırılıb.
Birinci kateqoriya üzrə Tərtər rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü, 13 yaşlı məktəbli Fidan Vəliyeva, ikinci kateqoriya üzrə isə Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü, 17 yaşlı məktəbli Fatma Həmzəyeva müsabiqənin qalibləri olublar.