REGİONLAR
Xalq Cümhuriyyətinin fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir
Zaqatala, 28 may, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu-XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi.
AZƏRTAC xəbər verir ki, bu fikir 28 May – Respublika Günü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Şərəfli və şanlı tarix” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edənlər 101 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq ideyalarının reallaşdığını diqqətə çatdırıblar. Vurğulanıb ki, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Xalq Cümhuriyyəti xüsusilə dövlət quruculuğu sahəsində verdiyi mühüm qərarları ilə yadda qalıb. Cümhuriyyətin fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biridir.
Bildirilib ki, Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, 1991-ci ildə xalqımız yenidən öz istiqlaliyyətinə qovuşub. Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etdikdən sonra xalqımız böyük təzyiqlərə məruz qalıb, torpaqlarımızın 20 faizi mənfur qonşularımız tərəfindən işğal edilib. Ölkəmizin, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda xalq ayağa qalxaraq öz xilaskarını – ümummilli lider Heydər Əliyevi yenidən hakimiyyətə gətirib. Məhz Ulu Öndərin böyük zəhməti, siyasi uzaqgörənliyi sayəsində əsrin sonlarında Azərbaycan öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub.
Çıxış edənlər dahi rəhbərin xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşadığını vurğulayıblar.