REGİONLAR


Xalq Cümhuriyyətinin fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən olub

Zaqatala, 28 may, Mustafa Dadaşov, AZƏRTAC

Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 28 May – Müstəqillik Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransın əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Müstəqillik Gününə həsr olunan film nümayiş etdirilib.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanovanın “Şərəfli və şanlı müstəqil Azərbaycan” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan ətraflı bəhs edilib. Bildirilib ki, xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi.

Diqqətə çatdırılıb ki, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Cümhuriyyətin fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olub. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürurverici səhifəsidir.

Məruzə və çıxışlarda, həmçinin 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb. Çıxış edənlər şanlı zəfərlə başa çatan Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazdığını vurğulayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.