MƏDƏNİYYƏT
Xalq Rəssamı Səttar Bəhlulzadənin qrafik əsərlərindən ibarət fərdi sərgi açılıb
Noyabrın 7-də S.Bəhlulzadənin ev-muzeyində görkəmli sənətkar, Xalq Rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 105, ölümünün isə 40 illiyinə həsr olunmuş fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə S.Bəhlulzadənin şəxsi kolleksiyalarda qorunan və əksəriyyəti bu vaxta kimi nümayiş olunmamış 30 əsəri təqdim edilib. Sərgidə nümayiş olunan əsərlər “Səttar Bəhlulzadə-105. Qrafika” adlı kataloqda əks olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənət tarixində rəngkar rəssam kimi xarakterizə edilməsinə, sərgilərdə əsas etibarilə boyakarlıq əsərləri ilə çıxış etməsinə baxmayaraq rəssamın qrafikaları yaradıcılığının mühüm bir hissəsini təşkil edir. S.Bəhlulzadə qrafik əsərlərini bu sənətin müxtəlif təsvir vasitələri ilə işləyib.
Bildirilib ki, boyakarlıq əsərlərində olduğu kimi rəssam çoxsaylı qrafikalarında da əsas etibarilə Azərbaycan torpağını, yurdumuzun təbiətini, bu təbiətin yetirdiyi nemətləri dönə-dönə tərənnüm edib.
Azərbaycan rəssamları haqqında geniş məlumata malik olduğunu söyləyən “Tretyakovskaya qalereya” jurnalının məsul katibi Natella Voyskunskaya S.Bəhlulzadə sənətini yüksək dəyərləndirərək onun bənzərsiz sənət dünyasından söz açıb.
Tədbirdə xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov, sənətşünas alim, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək S.Bəhlulzadənin Azərbaycan təsviri incəsənətinin inkişafı naminə gördüyü işləri yüksək qiymətləndiriblər.
Vurğulanıb ki, 1966-cı ilin oktyabrında Praqada Səttar Bəhlulzadənin qrafik əsərlərindən ibarət fərdi sərgisi açılıb. Bu, Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi idi.
Qeyd edilib ki, S.Bəhlulzadə mənzərə və natürmortlarla yanaşı, qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda Leyli və Məcnunun müxtəlif obrazlarını yaradıb.
Sonra tədbir iştirakçıları rəssamın qrafik əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Sərgidə rəssamın “Tut ağacları”, “Bilgəh kəndi”, “Gözəllər”, “Dağlar və göl”, “Sənaye mənzərəsi”, “Keramika və meyvələr”, “Dağlar və buludlar” və digər əsərlərində doğma vətənimizin səfalı guşələrini qrafika sənətinin təsvir vasitələrindən məharətlə istifadə edərək böyük məhəbbətlə təsvir etdiyi bir daha nümayiş olunub. Bu əsərlərə baxdıqca müəllifin orijinal dəst-xətti, bənzərsiz duyma qabiliyyəti bir daha üzə çıxır.
Böyük emosionallıq və geniş improvizasiya ilə yaradılan və bəşəri incəsənət əsərləri sırasında öz layiqli yerini tutan bu qrafik rəsmlər iştirakçıların marağına səbəb olub.