MƏDƏNİYYƏT
Xalq Rəssamının anadan olmasının 90 illiyinə həsr edilmiş sərgi açılacaq
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq Rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş sərgi açılacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dekabrın 17-dək davam edəcək sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərlər nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycanın rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Elbəy Rzaquliyev “Görüş”, “Ögey ana”, “Sevil” və s. kimi uğurlu ekran həyatı yaşamış filmlərin rəssamı olub. Kino rəssamlığı sahəsində qazandığı nailiyyətlərə baxmayaraq, dəzgah rəngkarlığı və qrafika sahəsinə də maraq göstərərək, fərdi yaradıcılıq üslubu, aktual mövzusu, ideya həlli baxımından orijinallığı ilə seçilən akvarellər, rəngkarlıq əsərləri yaradıb. 1960-cı ildə təşkil etdiyi “Meksika boyunca” adlı fərdi sərgisi sonralar rəssamın məşhurlaşmasına böyük təsir göstərib. O, “Qələbə bayramı” əsərlərinə görə Dövlət mükafatına layiq görülüb. 81 yaşında dünyasını dəyişən Elbəy Rzaquliyevin yaratdığı əsərlər bu gün də aktuallığı ilə sənətsevərlərin diqqətini cəlb edir.