MƏDƏNİYYƏT
Xalq Şairi Rəsul Rzanın xatirəsi anılıb
Bakı, 19 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 19-da Xalq Şairi Rəsul Rzanın doğum günü münasibətilə Fəxri xiyabanda şairin xatirəsi anılıb. Mərasim iştirakçıları şairin məzarı üzərinə gül dəstələri düzüblər.
Rəsul Rza Fondunun rəhbəri, Xalq Şairi Fikrət Qoca çıxış edərək böyük şairin xatirələrdə yaşadığını, xalq tərəfindən həmişə sevildiyini bildirib: “Zaman göstərir ki, Rəsul Rza poeziyası əbədiyaşar poeziyadır, hər zaman öz yeni oxucularını tapır”.
Çıxış edənlər 60-cı illər poeziyasının əsasını qoyan, fəlsəfi-intellektual şeirimizin banisi Rəsul Rzanın ədəbi novatorluğundan söhbət açıblar. Şairin poeziyasından nümunələr səsləndirilib.
Sonra Beynəlxalq Rəsul Rza mükafatı laureatlarına təqdim olunub.
Tədbirin sonunda çıxış edən Xalq Yazıçısı Anar laureatları təbrik edib, tədbir iştirakçılarına təşəkkür edib.