MƏDƏNİYYƏT


Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “1940-1950-illərdə Azərbaycanın dəzgah heykəltaraşlığı” sərgisi açılıb

Moskva, 18 mart, AZƏRTAC

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “1940-1950-illərdə Azərbaycanın dəzgah heykəltaraşlığı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Heydər Əliyev Fondunun və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Şərq Muzeyi və “Azərbaycan” pavilyonu tərəfindən birgə təşkil olunub. Sərgidə görkəmli Azərbaycan heykəltaraşlarının Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş heykəltaraşlıq əsərləri nümayiş olunub.

Ekspozisiyaya Azərbaycanın Xalq rəssamları Cəlal Qaryağdı, Fuad Abdurəhmanov, Pinxos Sabsay, SSRİ Rəssamlar İttifaqının üzvü Elcan Şamilov, Hüseyn Əhmədovun əsərləri daxil olub.

Ekspozisiyanın açılışında çıxış edən pavilyonun direktoru Səadət Qədirova sərginin təşkilinə verdiyi töhfələrə görə Şərq Muzeyi və onun direktoru Aleksandr Sedova minnətdarlığını bildirib. “Bu sərginin tarixi unikaldır. Şərq Muzeyinin anbarlarında çox ciddi zədələnmiş 10 heykəl aşkar edilib. Bərpa layihəsinə dəstək verən Heydər Əliyev Fondunun sayəsində bu heykəllər ilkin formasına qaytarılıb. Bu, o cümlədən məzmun baxımından da çox genişmiqyaslı sərgidir”, - deyə o vurğulayıb.

Şərq Muzeyinin direktoru Aleksandr Sedov qeyd edib ki, 1950-1960-cı illərdə muzeyin kolleksiyasına daxil olan Azərbaycan heykəltaraşlarının bu əsərləri muzeyin anbarlarında tapılıb. O, Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıqdan danışıb və Azərbaycanın dəzgah heykəltaraşlığının klassik incəsənət obyektlərinin bərpasında iştirakına görə Fonda təşəkkür edib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev sərginin açılışı münasibətilə iştirakçıları təbrik edib və onlara səfir Polad Bülbüloğlunun salamlarını çatdırıb.

“Azərbaycan” pavilyonundakı sərgi ilin sonunadək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.