Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərgi açılacaq
AzerTAg.az
Moskva, 8 may, AZƏRTAC
Mayın 9-10-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin ad gününə və İkinci Dünya müharibəsindəki qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mayın 9-da “Azərbaycan” pavilyonunun qonaqlarına İkinci Dünya müharibəsi haqqında filmlər təqdim ediləcək, improvizə olunmuş əbədi məşəl alovlandırılacaq. Ziyarətçilər üçün fotozona, xatirə hədiyyələri ilə viktorinalar, tematik ekskursiyalar təşkil olunacaq, onlar mini yarmarkada milli məhsulların dadına baxmaq fürsəti də əldə edəcəklər.
Mayın 10-da pavilyonda ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “Müasir Azərbaycan dövlətçiliyinin memarı” adlı sərgi açılacaq.
Gün ərzində sərginin qonaqları üçün dahi liderin həyat və fəaliyyəti barədə filmlər və arxiv videoları nümayiş etdiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin mətnində orfoqrafik səhv var