REGİONLAR


Xalq Ümummilli Lider səviyyəsinə yüksələn Heydər Əliyevin əziz xatirəsini heç vaxt unutmayacaq

Ağsu, 12 dekabr, AZƏRTAC

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü Ağsuda rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də səhər saatlarında rayon rəhbərləri, ziyalılar, ağsaqqallar və gənclər, ictimaiyyət nümayəndələri şəhərin mərkəzindəki Heydər parkına gələrək böyük ödərin abidəsini ziyarət edib, önünə qərənfillər düzüb, bu dahi şəxsiyyətə öz ehtiramlarını bildiriblər.

Heydər Əliyev Mərkəzində keçirilən toplantıda böyük ödərin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib. Toplantını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev açıb, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı ulu öndər Heydər Əliyevin öz Vətəni və xalqı qarşısındakı xidmətlərindən danışaraq vurğulayıb ki, Azərbaycanın milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib. Bugünkü müasir, müstəqil, çiçəklənən qüdrətli Azərbaycan Ulu Öndərin şah əsəridir.

Toplantıda rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyevanın məruzəsi dinlənilib, Müharibə, əmək və silahlı qüvvələr veteranları ictimai birliyi Ağsu rayon təşkilatının sədri Cəmaləddin Zeynalov, Muradlı bələdiyyəsinin sədri Sehrayyə Hümbətova və başqaları çıxış ediblər.

Məruzə və çıxışlarda ümummilli lider Heydər Əliyevin öz xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb. İftixarla söylənilib ki, bu gün Azərbaycan böyük öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla irəliləyir.

Sonra Ulu Öndərin xatirəsinə ehsan verilib. Ehsan süfrəsində Ümummilli Liderin ruhuna dualar oxunub.

X    X    X

Dekabrın 12-də Şamaxıda müasir Azərbaycanın böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib.

Minlərlə Şamaxı sakininin qatıldığı mərasim iştirakçıları şəhərin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, xalqımızın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Mərkəzində davam edən mərasimdə iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolara, kitab sərgisinə və məktəblilərin əl işlərindən ibarət “Müasir Azərbaycanım” adlı rəsm sərgisinə baxıblar. Burada dahi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə danışılıb, Ulu Öndərin Azərbaycana rəhbərlik illərinin istər sovetlər, istərsə də müstəqillik dövründəki inkişafdan bəhs olunub. Əsası Ulu Öndər tərəfindən qoyulan hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bu gün Azərbaycanın dünyanın qüdrətli dövlətləri sırasında işıqlı gələcəyə doğru inamla irəlilədiyi bildirilib. Vurğulanıb ki, dahi insan Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Tədbir ulu öndər Heydər Əliyevin əziz xatirəsinə açılan ehsan süfrəsi ilə davam edib.

X    X    X

Zərdablılar ölkəmizin tarixində öz epoxasını yaradan qüdrətli tarixi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümünü ehtiramla yad ediblər.

Dekabrın 12-də səhər saatlarında mərasim iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə qərənfillər düzüb, xatirəsini ehtiramla yad ediblər.

İştirakçılar Heydər Əliyev Mərkəzində görkəmli dövlət və siyasi xadimin həyat və fəaliyyətini əks etdirən sənədlərlə və foto-şəkillərlə tanış olub, sənədli filmə baxıblar.

Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə “Heydər Əliyev müstəqil, demokratik, dinamik inkişaf edən Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda çıxış edib.

Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini xatırladan icra başçısı Ulu Öndərin hələ sağlığında ikən əfsanəyə çevrilən qüdrətli siyasi xadim, əvəzolunmaz lider olduğunu diqqətə çatdırıb.

Mərasimdə Ümummilli Liderimizin memarı olduğu müasir, müstəqil Azərbaycanın bu gün onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrildiyindən, işıqlı gələcəyə doğru inamla irəlilədiyindən iftixarla danışılıb.

X    X    X

Göyçay rayonunun çoxsaylı sakinləri - icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar və gənclər görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar keçirdikləri anım mərasimində Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Səhər saatlarında insanlar Ulu Öndərin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Ehsan süfrəsi arxasında davam edən mərasimdə dahi insan Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib, Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən danışıb. İcra başçısı Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaran, bütün bunlara görə xalqın Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər Əliyevin heç vaxt unudulmayacağını, daim xalqının qəlbində yaşayacağını bildirib.

Mərasimdə ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycan xalqının bu siyasəti yüksək dəyərləndirdiyini və Prezidentin ətrafında daha sıx birləşdiyini diqqətə çatdırıblar.

X    X    X

Görkəmli dövlət və siyasi xadim ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü İsmayıllı, Kürdəmir, Ucar, Qobustan, Ağdaş rayonlarının ictimaiyyəti tərəfindən də ehtiramla yad edilib. Keçirilən anım mərasimlərində xalqın Ulu Öndərin varisi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın işıqlı gələcəyi üçün bundan sonra da var-qüvvə ilə çalışacağı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.