MƏDƏNİYYƏT
Xalq artisti Əliabbas Qədirova həsr olunan ədəbi-bədii gecə keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əli Əmirov adına Mədəniyyət Sarayında Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Əliabbas Qədirovun anadan olmasının 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, gecədə tanınmış incəsənət xadimləri, aktyorlar, rejissorlar və yubilyarın ailə üzvləri iştirak ediblər.
Tədbiri aktyor, bədii qiraətçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürov açaraq Xalq artisti Əliabbas Qədirovun həyat və yaradıcılığı, keçdiyi sənət yolu haqqında məlumat verib.
Sonra kinorejissor, Xalq artisti Oktay Mirqasımov Ə.Qədirovla bağlı xatirələrindən danışıb.
Kulturoloq, tarix elmləri doktoru Fuad Məmmədov, Əməkdar artist Elxan Qasımov, Əməkdar jurnalist, ictimai xadim, pedaqoqika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə çıxış edərək Əliabbas Qədirovun sənət yolundan danışıblar.
İfaçılardan Xalq artisti Zaur Rzayev, Əməkdar artistlər Elza Seyidcahan və Rəşad İlyasov, Nazim Əsgərov, Vətən müharibəsi qazisi Məbud Əhmədov öz musiqi töhfələri ilə qonaqlar qarşısında çıxış ediblər.
Sonda görkəmli aktyorun oğlu İlham Qədirov çıxış edərək tədbirdə iştirak edən və gecənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.
Tədbir Əliabbas Qədirovun rol aldığı "Mesenat" tamaşından kiçik səhnəciklə sona çatıb.