MƏDƏNİYYƏT


Xalq artisti Çingiz Sadıxovun xatirəsi anılıb YENİLƏNİB

Bakı, 30 dekabr, AZƏRTAC

Dekabrın 30-da məşhur pianoçu, Azərbaycanın Xalq artisti Çingiz Sadıxovun vəfatının ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Çingiz Sadıxovun məzarının önündə keçirilən tədbirdə Prezident Katibliyinin rəisi - Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, tanınmış xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran Hüseynov, məşhur pianoçunun ailə üzvləri, dostları iştirak ediblər.

Tədbirdə çıxış edənlər sənətkarın həyat və yaradıcılığından, onun Azərbaycan musiqisində özünəməxsus yeri və xidmətlərindən bəhs ediblər. Böyük sənətkarlarımız Rəşid Behbudovu, Bülbülü, Mirzə Babayevi, Şövkət Ələkbərovanı və digər sənətkarları ən məşhur konsert salonlarında müşayiət edən Çingiz Sadıxovun vəfatını Azərbaycan mədəniyyəti və musiqisi üçün böyük itki kimi dəyərləndiriblər.

Qeyd edək ki, istedadlı pianoçu Çingiz Sadıxov ötən il dekabrın 30-da Amerika Birləşmiş Ştatlarında vəfat edib.

İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alan Çingiz Sadıxov sonralar Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub. Çingiz Sadıxov Bakıda 16 nömrəli musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub. Musiqiçi 1994-cü ildən ABŞ-ın San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb.

Çingiz Sadıxov Azərbaycanın Əməkdar artisti və Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.