MƏDƏNİYYƏT


Xalq artisti Gülxar Həsənovanın xatirəsi ehtiramla yad edilib

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da ikinci Fəxri xiyabanda Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın xatirəsi anılıb. Tədbir sənətkarın anadan olmasının 100 illiyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Gülxar Həsənovanın məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər.

Anım mərasimində Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, Hafiz Quliyev və başqaları çıxış edərək görkəmli sənətkarın mənalı ömür yolu və zəngin yaradıcılığından söhbət açıblar. Bildirilib ki, Prezident İlham Əliyevin bu il avqustun 15-də imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi münasibətilə silsilə tədbirlər keçirilir, xatirəsi ehtiramla anılır.

Qeyd edilib ki, Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaratmış, uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıb. Ölməz sənətkar səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb. O, Üzeyir Hacıbəylinin məsləhəti ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul olub. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaradıb.

Qeyd edilib ki, G.Həsənovanın yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah İsmayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib. Onun sənət fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Sonda ailəsi adından mərhumun bacısı oğlu Mayıl Əliyev çıxış edərək tədbirin iştirakçılarına təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.