MƏDƏNİYYƏT


Xalq artisti İlham Namiq Kamal: Dünyada torpaq qədər müqəddəs və qiymətli başqa bir nemət yoxdur

Bakı, 11 noyabr, AZƏRTAC

Adını unutduğum bir bədii əsərdə döyüşçülər son nəfəslərini toplayaraq sürünə-sürünə uğrunda canlarını qurban verdikləri qalaya daxil olur və axan qanları ilə qala divarlarına adlarını yazırlar. Azərbaycan Milli Ordusunun Qarabağ torpaqlarını işğalçılardan azad etmək uğrunda apardığı mübarizə və əldə etdiyi uğur əsərdəki həmin səhnəni yada salır. Şanlı və müzəffər ordumuz çox böyük şücaət göstərərək 30 ilə yaxın bir müddətdə zorla Azərbaycandan qoparılmış tarixi torpaqları öz həqiqi sahibinə - Azərbaycan xalqına qaytardı. Bu, çox yüksək döyüşkənlik ruhu, Vətənə olan sonsuz və təmənnasız sevgi, rəşadət və fədakarlıq nümunəsi kimi dəyərləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, professor İlham Namiq Kamal söyləyib.

Xalq artisti deyib: “Dünyada torpaq qədər müqəddəs və qiymətli başqa bir nemət yoxdur. Bizi dünyaya gətirən, havası ilə nəfəs aldığımız, suyunu içdiyimiz, nemətləri ilə qidalandığımız ana torpağın qoynunda əbədiyyət yuxusuna gedirik. Ulu babalarımızın da qoynunda uyuduğu bu torpaq hamımızın məskənidir. Heç də təsadüfi deyil ki, qürbətdə vəfat edən kəsin məzarına onun doğulduğu yerdən bir ovuc torpaq gətirib tökürlər. Torpaq ana kimi bizi qoynunda bəsləyir, böyüdüb boya-başa çatdırır, ərsəyə yetirir və dünyadan köçəndə də qucağına alır. Torpağa olan sevgi, onun müqəddəsliyi bəlkə də elə bu hisslərdən qaynaqlanır. Harada olur-olsun, harada yaşayır-yaşasın, insan dünyaya göz açdığı müqəddəs məkanı heç vaxt unutmur. Vəsiyyətində də onun qoynunda dəfn edilməyi tapşırır.

Burada çox böyük bir hikmət var. Azərbaycan əsgəri bu hikməti dərk etdiyinə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silaha sarılıb müqəddəs torpaqlarımızın azadlığı uğrunda haqq savaşına qalxaraq azğın erməni silahlı qüvvələrinə qarşı 44 gün davam edən ölüm-dirim müharibəsi apardı. Düşmən tərəfi nəinki insanlığa, hətta beynəlxalq hərbi qanunlara sığışmayan ən vəhşi üsullarla, dinc əhalini, döyüş bölgəsindən uzaqda yerləşən mülki vətəndaşları və onların yaşadıqları evləri, obyektləri hədəfə alsa da, müzəffər Milli Ordumuzun əsgərləri Vətən sevdalısı kimi yalnız itirdiyimiz torpaq, Qarabağın geri qaytarılması uğrunda ləyaqətli, əzmkar mübarizə apardı, böyük qeyrət və vətənpərvərlik, igidlik və rəşadət nümunəsi göstərdi”.

O, öz fikrini belə yekunlaşdırıb: “Döyüşdə həmişə güclülər qalib gəlir. Bu müharibədə də güclü tərəf biz idik və Azərbaycan haqlı olaraq qalib gəldi. 27-28 il əvvəl öz torpaqlarından didərgin salınmış yüz minlərlə soydaşımız öz dədə-baba yurduna qayıtmaq, doğma Vətəninə qovuşmaq hüququ qazandı. Şübhəsiz ki, bu qalibiyyət torpaq uğrunda döyüşlərdə öz canını əsirgəməyən, qanını onun üzərinə tökərək Vətəni bir az da ucaldan, müqəddəsləşdirən şəhid oğlanlarımızın, həyatını bu yolda əsirgəməyərək mərmi və güllə yarası alan igidlərimizin qəhrəmanlığı hesabına qazanılıb. Bizi Qarabağa, Qarabağı bizə qovuşduran ləyaqətli əsgər balalarımızın bu əməyi ən yüksək dəyərə, hörmət və ehtirama layiqdir. Bu uğurun memarı, aparıcı qüvvəsi olan Müzəffər Ali Baş komandan İlham Əliyevə, döyüşlərdə sərkərdəlik edən general və zabitlərimizə, birlik və həmrəylik nümunəsi göstərən xalqımıza çox böyük minnətdarlıq duyğusu ilə təşəkkür edirik. Qoy xalqımızın zəfər günləri davamlı olsun!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.