MƏDƏNİYYƏT
Xalq artisti: “Nəsimi” əsərinin Türkiyə səhnəsini fəth etməsi Azərbaycan balet məktəbinin tarixi uğurudur
Samsun, 16 dekabr, AZƏRTAC
Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nəsimi” baletinin Türkiyə premyerası böyük uğur qazandı. Əsərin Türkiyə səhnəsini fəth etməsi Azərbaycanda balet məktəbinin tarixi uğurudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Nəsimi” baletinin Samsun şəhərində tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmasını şərh edən Xalq artisti, maestro Yalçın Adıgözəlov bildirib.
Y.Adıgözəlov deyib: “Hər bir səhnə əsərinin qazandığı uğur tamaşaçının münasibəti ilə ölçülür. Çox sevindiricidir ki, “Nəsimi” baleti sözün əsl mənasında Samsun teatrının səhnəsində böyük uğur qazandı. Qara dəniz bölgəsinin aparıcı Opera və Balet teatrının salonu tamaşaçılarla dolu idi. Digər tərəfdən isə hərarətli tamaşaçı alqışları yaradıcı heyətin zəhmətinə ən səmimi qarşılıq oldu”.
Qeyd edək ki, Azərbaycanın görkəmli sənətkarlarına - Xalq artistləri, dirijor Yalçın Adıgözəlov, xoreoqraf Kamilla Hüseynova və libretto müəllifi Əjdər Ulduz Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında “Nəsimi” baletini Türkiyədə uğurla səhnələşdirilməsinə böyük töhfə veriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Samsun