MƏDƏNİYYƏT
Xalq artisti Oqtay Zülfüqarovun xatirəsi anılacaq
Bakı, 15 may, AZƏRTAC
Mayın 31-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.
Qeyd edək ki, 1929-cu il mayın 31-də Bakı şəhərində anadan olan bəstəkar, əmək fəaliyyətinə 1949-cu ildə violonçel müəllimi kimi başlayıb. 1958–1962-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində musiqi redaktoru, səs rejissoru, 1965–1967-ci illərdə Respublika Xalq Yaradıcılıq Evində metodist, 1968–1991-ci illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi, redaktor, şöbə müdiri vəzifələrində işləyib. 1991–2012-ci illərdə o, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru və bədii rəhbəri olub.
Oqtay Zülfüqarovun ilk musiqi əsərləri tələbəlik illərində işıq üzü görüb. Onun altmış ildən artıq bəstəkarlıq fəaliyyəti müxtəlif janrları əhatə edir. Bəstəkarın əsərləri arasında konsert, simfoniya, kantata, kamera-instrumental musiqi və romanslar vardır. Oqtay Zülfüqarovun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gənc nəslin milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olan Oqtay Zülfüqarov rəngarəng yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti xəzinəsini daha da zənginləşdirib.