MƏDƏNİYYƏT
Xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyi qeyd olunacaq
Bakı, 13 yanvar, AZƏRTAC
Fevralın 4-də xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 70 yaşı tamam olur.
Bəstəkarın 70 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. Nazir müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi iclasda nazirliyin məsul əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yubiley tədbirləri il ərzində Azərbaycanla yanaşı, Rusiya, Türkiyə və Gürcüstanda qeyd olunacaqdır.
Yubileylə əlaqədar fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Eşq və Ölüm” baletinin yeni quruluşda premyerası təqdim ediləcək. Fevralın 4-də isə Heydər Əliyev Sarayında təntənəli yubiley mərasiminin təşkili nəzərdə tutulur.
İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.