Xalq artisti Rafiq Əzimovun 85 illiyi Teatr Muzeyində qeyd edilib
AzerTAg.az
Bakı, 15 mart, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq artisti, teatr və kino aktyoru Rafiq Əzimovun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq, sənətkarı yubileyi münasibətilə təbrik edib, onun yaradıcılığı haqqında danışıb.
Xalq artistləri Hacı İsmayılov, Şeyx Əbdül Mahmudbəyov, Əli Nurzadə, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Rüstəmov, Elxan Quliyev, Anar Heybətov, mədəniyyət yazarı Vasif Ayan çıxış edərək yubilyarla bağlı öz xatirələrini bölüşüb və onun kino və teatr mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıblar.
Tədbir çərçivəsində Teatr Muzeyinin fondunda qorunan və aktyorun yaradıcılığını əks etdirən eksponatlardan hazırlanmış videoçarx, həmçinin oynadığı tamaşa və filmlərdən kadrlar nümayiş olunub.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri konsert proqramı ilə çıxış ediblər.
Sonra Rafiq Əzimovun yubileyi münasibətilə çəkilmiş portret rəssam Vüsal Tərlanoğlu tərəfindən ona hədiyyə olunub.
Tədbirdə incəsənət xadimləri, aktyorun ailə və sənət dostları, muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Xəbərin mətnində orfoqrafik səhv var