MƏDƏNİYYƏT


Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunacaq

Bakı, 13 may, AZƏRTAC

Mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Roza Cəlilovanın yaradıcılığından danışılacaq, sənət fəaliyyətinə nəzər salınacaq.

Tədbir konsert proqramı ilə davam edəcək. Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və “Xəzər” Universitetinin tələbələri, İranın “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qrupları çıxış edəcəklər.

Qeyd edək ki, Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. O, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında başlayıb. Qısa müddətdə öz məharəti ilə xalqın sevgi və rəğbətini qazanan Roza Cəlilova həmin ansamblın solisti olub. O, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilməklə öz sənəti ilə böyük səhnə peşəkarlığına və fitri istedada malik olduğunu sübut edib. Onun repertuarında milli rəqslərimizdən başqa ərəb, fars və bir sıra digər xalqların rəqsləri də yer tutur. Hər bir çıxışı tamaşaçı alqışları ilə qarşılanan sənətçi beynəlxalq festivalların laureatıdır. Rəqs sənətinin vurğunu olan görkəmli sənətkar dünyanın müxtəlif ölkələrində yüksək ifaçılıq məharəti ilə milli rəqs sənətimizi yerli tamaşaçılara sevdirməklə yanaşı, mədəniyyətimizin təbliğində özünəməxsus xidmətlər göstərib.

Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olub, kütləvi xalq rəqslərinə gözəl quruluşlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.