MƏDƏNİYYƏT


Xalq artisti Salman Qəmbərovun 60 illik yubileyi keçirilib

Bakı, 14 may, AZƏRTAC

Rəşid Behbudov adına Mahnı Teatrında görkəmli caz ustası, Xalq artisti Salman Qəmbərovun 60 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Salman Qəmbərovun ömür yolundan və yaradıcılıq axtarışlarından geniş söhbət açılıb.

Çıxışlarda Salman Qəmbərovun dəstxətinə fikir verilərək xüsusi məqamlar qabardılıb. Bildirilib ki, ötən əsrin 60-cı illərində Azərbaycan caz pianoçuluğunda Vaqif Mustafazadə, Rafiq Babayev yaradıcılığı qabarıq idi. Vaqif Mustafazadənin ölümündən sonra bir neçə caz festivalı keçirilib. Ancaq 90-cı illərdə bu sahədə bir qədər boşluq yaranıb. Gənc musiqiçilərlə yaşlı nəsil arasında körpü yox idi. Sonradan bu körpü Salman Qəmbərovun timsalında yaranıb. Qeyd edilib ki, Salman Qəmbərov caza çox gec, 36 yaşında gəlib. Bu, onun tərəfindən çox cəsarətli bir addım idi. O, hər şeyə sıfırdan başlamalı olub. Bu, gec gəlmək, güc gəlmək məsələsi idi. Salman Qəmbərov 90-cı illərdə Azərbaycanda caz hərəkatını inkişaf etdirib və həmin az saylı caz musiqiçilərdəndir ki, bu gün Azərbaycan cazını dünya səviyyəsində təbliğ edir. Salman Qəmbərov həm də onunla yadda qalıb ki, o, Vaqif Mustafazadənin, Rafiq Babayevin təsiri altına düşməyib, öz dəstxətini yarada bilib.

Bütün iştirakçılara minnətdarlığını bildirən Salman Qəmbərov bildirib ki, dostları tərəfindən belə bir yubileyin keçirilməsi onun üçün çox gözlənilməz olub.

Sonra konsert proqramı təqdim edilib. Gecədə “Cəngi” estrada folklor ansamblı ilə yanaşı, səhnədə Tofiq Cabbarov, pianoda Elbəy Məmmədzadə, sintezatorda Afşin Əlizadə, nəfəs alətində Firudin Həmidov və digər musiqiçilər biri-birindən gözəl kompozisiyalar təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.