MƏDƏNİYYƏT
Xalq çalğı alətləri ifaçılarının birinci respublika müsabiqəsinə yekun vurulub
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq artisti Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş Xalq çalğı alətləri ifaçılarının birinci respublika müsabiqəsinə yekun vurulub.
AMK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin bədii rəhbəri, Xalq artisti Siyavuş Kərimi müsabiqəyə qatılan gənc tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
Müsabiqədə 60-a yaxın gənc ifaçı dinlənilib. Münsiflər heyətində görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin sədrliyi ilə Azərbaycanın tanınmış ifaçıları yer alıb.
Finalda qaliblər mükafatlandırılıb və onların iştirakı ilə qala-konsert təqdim olunub.