REGİONLAR


Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı olub VİDEO

Ağdam, 16 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Oktyabrın 16-da işğaldan azad edilmiş Ağdam şəhərində Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların kuratorluğu, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayon Heydər Əliyev Mərkəzi, Ağdam rayon Mədəniyyət Mərkəzi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən mərasimdə Xalq rəssamı Arif Hüseynovun “Ağdam Cümə məscidində azan səsi”, “Ağdam teatrının məhvi”, “Şahbulaq qalası” adlı əsərləri nümayiş edilib.

Dram Teatrının qalıqlarının qarşısında keçirilən təqdimat mərasimində çıxış edən Xalq rəssamı Arif Hüseynov təqdim olunan əsərlər barədə məlumat verib. Bildirib ki, onun bu günlərdə tamamladığı “Ağdama ithaf” üçlüyü işğaldan azad olunmuş Qarabağa səfəri ilə bağlı təəssüratının yeni bədii ifadəsidir. “Ağdam teatrının məhvi”, “Şahbulaq qalası” və “Ağdam Cümə məscidində azan səsi” adlanan triptixin başlıca ideyasını xeyir və şər qüvvələrin mübarizəsi, erməni xislətinin ifşası təşkil edir. Triptixin mərkəzi hissəsi Ağdam teatrının acı taleyinə həsr olunub. Teatr binasının üçtağlı fasadının qarşısından səhnəyə uzanan pillələrin ətrafında şər qüvvələrin “Leyli və Məcnun”, “Don Kixot” və “Otello” tamaşalarındakı obrazlara həmləsinə təsirli bədii görkəm verilib.

Triptixin sağ hissəsində Pənahəli xan və döyüşçüləri, eləcə də onun inşa etdirdiyi Şahbulaq qalası təsvir olunub. Sol hissədəki əsərdə də digər iki əsərdə olduğu kimi obrazlı rəmzi ifadələrdən istifadə olunub. İşğaldan azad olunmuş dini məkandan ucalan azan səsinə hay verən rəmzi şəhid əlləri və yüksəlişi hər birimizə qürur bəxş edən məscid minarələri bir araya gətirilməklə Zəfərimizin davamlı olacağına böyük inam duyulur.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və sərginin kuratorları Elnurə və Aygün İsgəndərova bacıları çıxışlarında Ağdam Dram Teatrının qarşısında belə bir tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra tədbir iştirakçıları rəsm əsərləri ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.