MƏDƏNİYYƏT
Xalq rəssamı Arif Hüseynovun “Kitab qrafikası” adlı fərdi sərgisi açılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da “Azərkitab” kitab mərkəzində Xalq rəssamı Arif Hüseynovun böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Kitab qrafikası” adlı fərdi sərgisi və “Arif Hüseynov-qrafika” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “Azərkitab” kitab mərkəzinin təşəbbüsü ilə reallaşıb.
Tədbiri giriş sözü ilə açan mərkəzin layihə rəhbəri Sabir Həsənov qədim dövrlərdən başlayaraq xalqımızın qürurdoğurucu tarixini şərəfləndirən və onu dünyada məşhurlaşdıran kitab mədəniyyətimiz barədə məlumat verib. Qeyd edib ki, “Azərkitab” kitab mərkəzi və onun ayrılmaz tərkib hissəsi olan kitab qrafikası qalereyası bu yöndə müxtəlif məzmunlu nəşrlərin estetikasına əlavə çalar qatan təsviri sənət əsərlərinin təqdimatını və təbliğini özünün önəmli vəzifələrindən hesab edir. “Kitab qrafikası qalereyası”nın yeni məkanda fəaliyyətinin görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynovun sərgisinin təşkili ilə davam etdirməsi də təsadüfi deyildir.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bildirib ki, tələbəlik illərindən məşhur “Göyərçin” jurnalı ilə əməkdaşlığa başlayan və hazırda onun baş rəssamı vəzifəsini daşıyan Arif Hüseynov ədəbiyyata sıx bağlı sənətkarlarımızdandır. “Rəssamın hələ ötən əsrin 70-ci illərində Rəsul Rzanın “Vaxt var ikən” kitabına çəkdiyi illüstrasiyalardan başlanan, İmadəddin Nəsiminin “Poeziya”sına və Afaq Məsudun “Hekayələr”inə kimi davam edən “kitab həyatı” onu məşhurlaşdırıb. Bunun başlıca səbəbi onun bədii tərtibat verdiyi kitablara özünəməxsus yaradıcı münasibət göstərməsi, ədəbi mətnin - müəllif fikirlərinin alt qatına nüfuz etməklə, onun cəlbediciliyi ilə yanaşı, həm də düşündürücülüyünü təmin etməsidir. Arif Hüseynovun Nəsimi ünvanlı silsilə qrafik nümunələrinin fəlsəfəyə bələnmiş düşündürücü bədii ifadəsi kifayət qədərdir. Bu isə onun kitablarla bağlı bu, həm də digər əsərlərinin zamansızlığa və məkansızlığa qovuşmasını şərtləndirib”, - deyə Z.Əliyev qeyd edib.
Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev Xalq rəssamının yaradıcılığından söhbət açaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Əməkdar incəsənət xadimi İlham Rəhimli, Xalq artisti İlham Namiq Kamal, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçısı Natiq Rəsulzadə və başqaları çıxış edərək Arif Hüseynovun yaradıcılığının özünəməxsusluğundan söhbət açıblar.
Sonda Xalq rəssamı Arif Hüseynov çıxış edərkən kitabın insan həyatında əhəmiyyətli rol oynadığını, illüstrasiya etdiyi hər kitabla təklikdə qalanda onu dərindən hiss etdiyini qeyd edib. “Göyərçin” jurnalı ilə əməkdaşlığa başlayandan sonra ədəbiyyata münasibətinin gündən-günə atdığını deyən Arif Hüseynov qeyd edib ki, hər bir mətnin mahiyyətinə, müəllifin sənət qayəsinə dərindən nüfuz etməklə, oxucuya onun oxuduqlarını duymaqda yardımçı ola biləcək illüstrasiyalar etmək mümkündür. O, bu mənada yaradıcılığında İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rzaya münasibətində rəmzi ifadə və düşündürücülüyün daha qabarıq duyulduğunu vurğulayıb.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən Xalq rəssamı onları sərgi ilə tanış olmağa dəvət edib.
Sərgidə rəssamın İmadəddin Nəsimiyə həsr olunmuş eklibris və rəsm əsərləri nümayiş edilib.