REGİONLAR


Xalq rəssamı Hüseynqulu Əliyevin 70 illik yubileyi qeyd edilib

Naxçıvan, 5 fevral, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyevin 70 illik yubileyi qeyd edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada tanınmış sənət adamlarına yüksək diqqət və qayğı göstərildiyini bildirib. Vurğulanıb ki, Ali Məclis Sədrinin göstərişinə əsasən onların yubileyləri yüksək səviyyədə qeyd edilir. Bu gün keçirilən yubiley də bu ənənələrin uğurlu davamıdır.

Nazir yubileyi qeyd edilən Xalq rəssamının həyat yolu və yaradıcılığı haqqında ətraflı məlumat verərək diqqətə çatdırıb ki, Hüseynqulu Əliyevin yaradıcılığında portret janrı, qədim diyarımızın keçmişini və bu gününü əks etdirən mənzərə əsərləri mühüm yer tutur. Xalq rəssamının “Mənim Naxçıvanım” kompozisiyasında fikir və duyğunun incə vasitələrlə, zərif cizgilərlə göstərilməsi təbiilik və dolğunluq ifadəsidir. Rəssam müxtəlif janrlara müraciət etsə də, onun yaradıcılıq təxəyyülü özünəməxsusluğu, monumentallığı, ritm və koloriti, duyum tərzi ilə seçilir.

“Xalq rəssamının pedaqoji fəaliyyəti də təsviri incəsənətimizə xidmətin gözəl nümunəsidir. Gənc rəssam kadrlarının hazırlanmasında onun xidmətləri xüsusi olaraq qeyd edilməlidir. Sənətkar uzun illərdir ki, Naxçıvan Dövlət Universitetində (NDU) pedaqoji fəaliyyətlə məşğuldur”, – deyən nazir bildirib ki, Hüseynqulu Əliyevin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Görkəmli sənətkar 1988-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi”, 1999-cu ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı”, 2002-ci ildə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adlarına layiq görülüb.

Nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından Xalq rəssamına hədiyyə təqdim edib və ona yaradıcılıq yolunda uğurlar arzulayıb.

NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva rəssamı təbrik edib, onun qədim diyarımızda təsviri incəsənətin və heykəltəraşlığın inkişafındakı xidmətlərindən söhbət açıblar.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Həbibə Allahverdiyeva, Səyyad Bayramov, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Xalq artistləri Rza Xudiyev, Kamran Quliyev, Azərbaycan Respublikasının Əməkdar artisti Xəlil Hüseynov çıxış edərək yubilyara ürək sözlərini bildiriblər.

Sonda Xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək yaradıcılığına verilən yüksək qiymət üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib, təsviri incəsənətimizin inkişafı və yeni rəssam kadrlarının hazırlanmasında bundan sonra da səylə çalışacağını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.