MƏDƏNİYYƏT


Xalq şairi Məmməd Arazın xatirəsi yad olunacaq

Bakı, 31 oktyabr, AZƏRTAC

Noyabrın 6-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Filarmoniya və “Mədəniyyət” kanalının birgə layihəsi əsasında reallaşacaq tədbirdə unudulmaz şairin həyat və yaradıcılığından danışılacaq, ədəbiyyatımızın inkişafındakı xidmətləri vurğulanacaq. Gecədə dirijor Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.

Qeyd edək ki, “Sevgi nəğməsi”, “Üç oğul atası”, “Araz axır”, “Mən səni taparam”, “Dünya düzəlmir”, “Daş harayı”, “Əsgər andı”, “Atamın kitabı” kimi bir sıra əsərlərin müəllifi olan Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. O, “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifələrində çalışıb. 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.

Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə “İstiqlal” ordeninə və Xalq şairi fəxri adına layiq görülən Məmməd Araz 2004-cü ildə Bakıda vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.