Xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyi münasibətlə virtual sərgi hazırlanıb
AzerTAg.az
Bakı, 18 fevral, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyi münasibətlə virtual sərgi və videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, virtual sərgidə Nəriman Həsənzadənin həyat və yaradıcılığı, mükafatları haqqında əhatəli məlumat verilib. Şairin çap olunmuş kitablarının və məqalələrinin, onun haqqında çəkilmiş sənədli filmlərin, sözlərinə bəstələnmiş mahnıların siyahıları öz əksini tapıb.
Bundan əlavə, Respublika Gənclər Kitabxanası Nəriman Həsənzadəyə həsr edilmiş “Həzin ruhlu sevgi şairi Nəriman Həsənzadə” adlı videoçarx hazırlayıb. Materialda şairin “Yaşım səksəni haqladı, keçdiyim yollar hardadı?” misraları ilə başlayan şeiri də səsləndirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Xalq şairini 90 illik yubileyi münasibətlə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edib və ona təbrik ünvanlayıb.

Xəbərin mətnində orfoqrafik səhv var