RƏSMİ SƏNƏDLƏR


Xalq şairi Nəriman Həsənzadəyə

Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

Siz ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğunuz vaxtlardan öz dəst-xəttinizi formalaşdırmış və geniş oxucu auditoriyasının ehtiramını qazanmısınız. Şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyətiniz boyu yüksək sənətkarlıqla meydana gətirdiyiniz ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər Sizi ədəbi prosesin ön mövqelərinə çıxarmışdır. Bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarınıza dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramlarınız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, teatrlarımızın repertuarında özünəməxsus yer tutmuşdur. Yaratdığınız poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyiniz təqdirəlayiq fəaliyyət kitablarınızdakı fikir və düşüncələrinizi əməli surətdə gerçəkləşdirmək istəyinizin bariz təzahürüdür.

İnanıram ki, Siz vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərlərinizlə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcəksiniz.

Ən xoş arzularla,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2021-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin