MƏDƏNİYYƏT


Xalq şairi Sabir Rüstəmxanlı "Qonağımız var" layihəsində

Bakı, 16 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ə.Əmirov adına Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Xalq şairi, Milli Məclisin deputatı, “Şöhrət” ordenli Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq şairinin həyat yoldaşı, Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “Azərbaycan Dünyası” jurnalının təsisçisi, “Dədə Qorqud” milli fondunun rəhbəri Eldar İsmayılov, rayon ictimaiyyəti və şair sevərlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Sabir Rüstəmxanlının yaradıcılığı və həyat fəaliyyəti haqqında məlumat verilib.

Baş İdarənin rəisi İbrahim Əliyev çıxışında belə görüşlərin keçirilməsində məqsədin ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət etdiyini bildirib.

Xalq şairi "Ömür kitabı" adlı əsəri, "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şeir kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir.

Görüş zamanı Xalq şairi tədbir iştirakçıları və oxucuların ona ünvanladıqları suallarını cavablandıraraq, gənclərə öz tövsiyələrini verib. S.Rüstəmxanlı gənclərə Azərbaycan ədəbiyyatından uzaqlaşmamağa və Azərbaycan yazarlarının əsərlərini mütaliə etməyə çağırıb. Həmçinin yazdığı şeirlərdən oxuyub və “Cavad xan” filmi haqqında danışıb. Şairin müxtəlif illərdə yazdığı şeir və nəsr kitabları haqqında müzakirələr olub və fikirlər söylənilib.

Daha sonra "Dədə Qorqud" fondunun rəhbəri Eldar İsmayılov tərəfindən fondun təsis etdiyi "Vətən Övladı Altun Ordeni" Xalq şairinə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.