REGİONLAR
Xalq teatrlarının muxtar respublika festivalında “Çimnaz xanım yuxudadır” tamaşası nümayiş etdirilib
Naxçıvan, 20 iyun, AZƏRTAC
“Xalq teatrlarının muxtar respublika festivalı – 2017” çərçivəsində Naxçıvan şəhər “Gənclik” Xalq Teatrı Xalq Şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşasını nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və rəssamı Akif Əsədov, musiqi tərtibatçısı Əli Məmmədovdur.
Birpərdəli komediya obrazların sayının az olması ilə diqqəti cəlb etsə də, yumor elementləri ilə zəngindir. Tamaşa həm də mahnı və rəqslərlə şən əhval-ruhiyyə yaradır.
Tamaşada hadisələr Qafarın (aktyor Akif Əsədov) evində cərəyan edir. Çimnaz xanımı (aktrisa Maral Rzayeva) ehtiyac üzündən 16 yaşında ikən sevmədiyi Qafara ərə veriblər. Çimnaz gözəl əxlaqlı xanımdır. Qafar isə xoşagəlməz davranışı ilə onu bezdirib və yaşına uyğun olmayan hərəkətlər edir. Çimnaz xanım qulluqçusu Nabatı (aktrisa Nurdinar Kərimova) sevdiyi Əliyə (aktyor Sultan Səfərov) ərə vermək istəyir.
Səhnə əsərinin əsas ideyası və məzmunu ailədə sədaqəti və düzgünlüyü təbliğ etməkdir.