MƏDƏNİYYƏT


Xalq yazıçısı Anarın yeni kitabı çap olunub

Bakı, 8 oktyabr, AZƏRTAC

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Səhər-səhər” adlı yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitabda müəllifin 2017-ci ildə “525-ci qəzet”də dərc olunmuş şənbə yazıları - esseləri və publisistik məqalələri toplanıb. “Səhər-səhər” və “Başqa yazılar” adlı iki hissəyə bölünən kitabın “Ön söz” müəllifi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Son söz”ünün müəllifi isə Anar yaradıcılığının tədqiqatçısı, yazıçı Pərvindir. Kitabın üz qabığındakı “Səhər” fotosu müəllifin özünə, arxa qabığındakı “Səhər” tablosu isə Xalq rəssamı Tahir Salahova aiddir.

Rəşad Məcid kitaba yazdığı “Anarın və hamımızın “Səhər-səhər”i adlı “Ön söz”də Xalq yazıçısı Anarın əsərlərinin “525-ci qəzet”in fəaliyyətə başladığı ilk illərdən böyük məmnunluqla çap olunduğunu xatırladır, yazıçının bir sıra əsərlərinin ilk dəfə məhz bu qəzetdə işıq üzü gördüyünü qeyd edir.

Kitabda yer alan yazıların hər birində - istər “Səhər-səhər”, istərsə də “Başqa yazılar” bölümündəki esse və publisistik qeydlərdə Xalq yazıçısı ən müxtəlif mövzulara toxunur, “Yeni il gecəsində adda-budda fikirlər”dən “Qarabağımızın qövr eləyən yaraları”na, “Cocuq Mərcanlının cocuqları”na, “Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında” qeydlərə qədər “Vətənimiz... Paytaxtımız... Dilimiz”in problemlərinə işıq salır, konkret məsələlərlə bağlı fikir və mülahizələrini bildirir. Bu yazıların hər birində oxucunun yoluna mahir yazıçı, müdrik ağsaqqal uzaqgörənliyi işıq salır.

Yazıçı Pərvinin kitaba yazdığı “Səhərin səfiri” başlıqlı “Son söz”də deyildiyi kimi, “Anar yaradıcılığına bütöv nəzər salanda görürsən ki, yazıçı ömrü boyu millətini yazıb. Təkcə publisistikası, kinoları, siyasi çıxışları, azərbaycançılıq ideyalarını əks etdirən nəsri yox, bütün əsərləri hansısa şəkildə millətin ifadəsidir. Hətta zahirən dünyadan təcrid olunmuş, başqa adam təsiri bağışlayan Təhminə də xalq mahnılarından danışır, onların məzmununu öz aləmində təhlil edir. Bu mənada elə “Səhər-səhər” kitabı da Anarın böyük ideyasını əks etdirir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.