MƏDƏNİYYƏT


Xalq yazıçısı İsa Muğannanın xatirəsi anılıb

Bakı, 10 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Noyabrın 10-da Azərbaycanda Atatürk Mərkəzində Qazax Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı İsa Muğannaya (Hüseynov) həsr edilmiş “Yazıçı və bədii yaradıcılıq idealı” adlı anım tədbiri keçirilib.

İctimai Birliyin sədri, Azərbaycan Texniki Universitetinin prorektoru, professor İlham Pirməmmədov unudulmaz yazıçının Azərbaycan və türk ədəbiyyatında özünəməxsus mövqe qazandığını bildirib. Natiq onun haqqında dünya şöhrətli yazıçı Çingiz Aytmatovun “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik” sözlərini yada salıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə akademik Teymur Bünyadov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən İsa Muğannanın 90 illik yubileyinin ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edildiyini bildirib.

İsa Muğanna ilə bağlı xatirələrini dilə gətirən akademik yazıçıya dünya şöhrəti gətirən əsərlərinin təbliğinin daha da gücləndirilməsini, onun daha geniş coğrafiyada tanıdılmasının vacibliyini vurğulayıb.

Tədbirdə akademik Nizami Cəfərov, Xalq şairi Nəriman Həsənzadə, ədəbiyyatşünas alimlər Rüstəm Kamal, Məti Osmanoğlu, Natəvan Dəmirçioğlu, Şəmil Sadiq, tənqidçi Əsəd Cahangir, Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi Barat Vüsal və başqaları İsa Muğannanın ədəbi yaradıcılığından, ədəbiyyatda söz sahibi olmasından, həyat və fəaliyyətindən söhbət açıblar.

Natiqlər onun yazıçı kimi püxtələşməsində Xalq yazıçısı Mehdi Hüseynin böyük rolu olduğunu söyləyiblər.

Bildirilib ki, İsa Hüseynov 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, ”Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm” və digər kitablarını oxuculara təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

Diqqətə çatdırılıb ki, İsa Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucuları heyrətləndirib.

Tarixi faktları, böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan ədibin özünəməxsus yanaşma və fərqli düşüncə tərzi olub. Bunun sayəsində ərsəyə gətirdiyi silsilə romanların, povestlərin ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malik rolu olub. Bu mənada ustad yazıçı öz əsərlərində ana dilinin potensial poetik imkanlarından yüksək səviyyədə bəhrələnərək şedevrlər yaradıb.

İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Bildirilib ki, ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Tədbir çərçivəsində İ.Muğannanın mənəvi oğlu və onun yolunun davamçısı adlandırılan yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin yazıçıya həsr etdiyi “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kitabının da təqdimatı keçirilib. Yazıçının nəvəsi Səma Muğanna babasına həsr etdiyi şeiri oxuyub.

Sonda yazıçının qızı Sevinc Muğanna tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.