MƏDƏNİYYƏT
Xalqa bağışlanan ömür
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatları Rafael Cəbrayılov, Elman Nəsirov, Əflatun Amaşov çıxış edərək Ümummilli Liderin xalqımız, vətənimiz qarşısında göstərdiyi xidmətlərdən danışıblar.
Natiqlər ulu öndər Heydər Əliyevin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən danışıblar. Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin vəfatının ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə qeyd olunur.
Vurğulanıb ki, Azərbaycanın tarixi və taleyi dahi rəhbərin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu - Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu qurum tərəfindən hazırlanan, rejissoru Gültəkin Nəriman olan “Xalqa bağışlanan ömür” adlı sənədli film nümayiş etdirilib.