Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Xalqa məhəbbət, dövlətçiliyə sədaqət - blokada vəziyyətində inkişaf edən Naxçıvan İCMAL

Xalqa məhəbbət, dövlətçiliyə sədaqət - blokada vəziyyətində inkişaf edən Naxçıvan İCMAL
Naxçıvan, 9 avqust, AZƏRTAC
 
Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin
diqqət və qayğısı yeni uğurlara yol açır
 
Ölkəmiz, o cümlədən türk dünyası üçün çox böyük strateji əhəmiyyət kəsb edən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi baxımdan sürətli yüksəlişini uğurla davam etdirir, bütün sahələr üzrə təhlükəsizlik təmin olunur. 30 ildir blokadada yaşayan qədim diyarda bu səviyyəli bir inkişafa nail olunması müstəqil Azərbaycan dövlətinin tarixi uğurudur. Çünki dünyanın heç bir yerində ana torpaqdan ayrı salınan və nəqliyyat əlaqələri məhdud olan bir məkanda inkişaf meyilləri, ümumiyyətlə, nəzərə çarpmayıb və ya davamlı xarakter almayıb. Bu baxımdan blokada vəziyyətində olsa da inkişaf edən muxtar respublikanın nümunəsi haqlı olaraq sosial-iqtisadi inkişafın Naxçıvan möcüzəsi adlandırılır. Muxtar respublikada bütün bunlara ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi, Azərbaycan Prezidentinin böyük diqqət və qayğısı, sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş Dövlət proqramlarının dəqiqliklə icrası, islahatların günün tələbləri səviyyəsində aparılması, yurda, xalqa məhəbbətlə, dövlətə, dövlətçiliyə sədaqətlə həyata keçirilən işlər nəticəsində nail olunub.

Uzun müddətə hesablanmış inkişaf strategiyasının reallaşdırılması pandemiya dövründə də Naxçıvanın yüksəliş və tərəqqi dövrünü yaşamasına şərait yaradıb. Bu gün muxtar respublikanın hər bir yaşayış məntəqəsində genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasir görkəm alır.

Abadlaşan, inkişaf edən Şərur rayonunda yeni-yeni sosial
obyektlər istifadəyə verilir

İnkişafa qovuşan bölgələrdən biri də Şərur rayonudur. Qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası rayonda davamlı sosial-iqtisadi inkişafı təmin edib, Şərur şəhərində və kəndlərdə genişmiqyaslı quruculuq işləri aparılıb, yeni inzibati binalar və sosial obyektlər tikilib, rahat yollar çəkilib, əhalinin rifahı yaxşılaşıb.

Bu gün Şərur rayonunda 117 mindən artıq əhali yaşayır ki, onun da 10 min 800-ə yaxını, yəni 9,2 faizi əmək pensiyaçılarıdır. Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının 522, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Şərur Rayon Təşkilatının isə 131 üzvü vardır. Dövlətimiz bu gün həmin şəxslərə qayğı göstərir, bütün məsələlərin həllinə diqqət yetirilir. İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubunun istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin davamı xarakterini daşıyır.

Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Veteranlar, ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”, - fikrini xatırladaraq deyib: “Ulu Öndərin tövsiyələri əsas götürülərək bu gün Şərur şəhərində rayon veteranları və ağsaqqalları üçün yeni bina – Təqaüdçülər Klubu istifadəyə verilir. Şərur Rayon İcra Hakimiyyəti Təqaüdçülər Klubunda gənclərlə veteranların və ağsaqqalların görüşlərini təşkil etməli, milli-mənəvi dəyərlərimiz gənc nəslə aşılanmalıdır. Qızıl fondumuz olan veteranların həyat yolu gənclərə öyrədilməli, müxtəlif tədbirlər keçirilməlidir”.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.

Bina istilik sistemi ilə təchiz edilib, həyətdə abadlıq işləri aparılıb, musiqili fəvvarə quraşdırılıb. Ali Məclisin Sədri musiqili fəvvarəni işə salıb.

Muxtar respublika iqtisadiyyatı və onun tərkib hissəsi olan bank sektoru daim inkişaf edir

Muxtar respublika iqtisadiyyatı və onun tərkib hissəsi olan bank sektoru gündən-günə inkişaf edir. İyulun 2-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni inzibati binasının istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Yeni binanın istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bank hər bir bölgənin inkişaf göstəricisidir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2008-ci ildən, Şərur rayon filialı isə 2014-cü ildən fəaliyyət göstərir. Filial hüquqi və fiziki şəxslər, eləcə də fərdi sahibkarlar daxil olmaqla, 6 mindən artıq aktiv bank hesabına malikdir, kredit portfeli 10 milyon 430 min manatdır. Kreditlərin fəaliyyət sahəsi üzrə bölgüsündə kənd təsərrüfatı üzrə 4 milyon 54 min manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə 1 milyon 598 min manat, ipoteka kreditləri 235 min manat və digər sahələr üzrə verilmiş kreditlərdir. Eyni zamanda, filial 5 bankomat, 8 ödəniş terminalı və 80-ə yaxın post-terminal vasitəsilə əhaliyə xidmət göstərir. Ötən dövrdə verilən kredit portfelinin həcmi və mövcud infrastruktur “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin formalaşdığını və inkişaf etdiyini göstərir. Yeni inzibati binanın istifadəyə verilməsi və burada müasir iş şəraitinin yaradılması isə sakinlərin etibarını qazanan filialın fəaliyyətini daha da genişləndirməsinə şərait yaradacaqdır.

İyulun 2-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni inzibati binasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri kollektivi təbrik edərək deyib: “Əhalinin etibarını qazanmaq hər bir bankın əsas fəaliyyət istiqaməti olmalıdır. Bu gün dünyada və ölkəmizdə baş verən proseslər bir daha təsdiq edir ki, hansı ölkədə bank sistemi şəffaf qurulubsa, onlar da fəaliyyətlərini davam etdirə bilirlər. Şəffaflığı təmin etməyən, yüksək faiz dərəcələri tətbiq edən bankların fəaliyyəti isə dayandırılmışdır. Ötən dövrdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda şəffaf fəaliyyəti ilə seçilmiş, əhali məmnunluğunun qazanılması sahəsində daim ön sıralarda olmuşdur. Əhaliyə ehtiyacı olan sahələrdə aşağı faiz dərəcələri ilə kreditlərin verilməsi, güzəştlərin tətbiqi bankın hörmət və nüfuzunu artırmışdır. Bankın kollektivi gələcəkdə də fəaliyyətini bu istiqamətdə qurmalı, yaradılan şəraitə uyğun olaraq əhaliyə keyfiyyətli xidmət göstərilməli, rayonda təsərrüfatların inkişafına və əhali rifahının yaxşılaşdırılmasına dəstək verilməlidir”.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin yerinə yetiriləcəyinə əminliyini bildirib, kollektivə fəaliyyətində uğurlar arzulayıb.

Müasir dövrün tələbinə uyğun yeni innovativ dərnəklər yaradılır

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Həmin təhsil müəssisələrində yeni innovativ dərnəklərin yaradılması da müasir dövrün tələbidir. Muxtar respublikada bu işə Naxçıvan şəhərində başlanılıb, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni innovativ dərnəklər yaradılıb və yaxşı nəticələr əldə edilib. Həmin dərnəklərə cəlb olunmuş uşaqların əl işlərindən ibarət “İstedadlı şagirdlər” albom-kataloqu nəşr olunub.

Şərur rayonundakı məktəbdənkənar təhsil müəssisələrində isə 48 dərnək fəaliyyət göstərir. Bunların da 16-sı yeni yaradılan innovativ dərnəklərdir. Hazırda Culfa rayonunun məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti və orada yeni innovativ dərnəklərin yaradılması istiqamətində işlər görülür. Ordubad rayonunda da bu sahədə tədbirlər başa çatmaq üzrədir.

İyulun 2-də Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm-Diyarşünaslıq mərkəzlərində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yaradılmış innovativ dərnəklərin təqdimatı olub.

Dərnəklərin fəaliyyəti ilə maraqlanan Ali Məclisin Sədri deyib: “Bu gün Şərur rayonunun məktəbdənkənar təhsil müəssisələrində 1350-yə yaxın dərnək üzvü vardır. Yeni innovativ dərnəklərin fəaliyyətə başlaması dərnək üzvlərinin sayını daha da artıracaqdır. Şagird və gənclərin dərnəklərə cəlb olunması həm onların asudə vaxtlarının səmərəli təşkilinə, həm də istedadlarının üzə çıxarılması və milli dəyərlərimizi öyrənmələrinə xidmət edəcəkdir. Bütün bunlar isə sağlam gəncliyin inkişafında əsas məsələdir. Şagirdlər məktəbdə təhsil almaqla peşə öyrənirlərsə, dərnəklərdə də öz qabiliyyətlərini inkişaf etdirərək ikinci bir sənətə sahib olurlar”.

Ali Məclisin Sədri muxtar respublikada innovativ dərnəklərin yaradılmasının və fəaliyyətin təmin olunmasının əhəmiyyətini vurğulayıb, bu işdə əməyi olanlara təşəkkür edib.

Naxçıvana Günəş Elektrik Stansiyalarının illik istehsal gücü 40,5 milyon
kilovat-saata çatdırılıb

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib. Görülən işlərin nəticəsidir ki, Naxçıvan enerji alan bir diyardan enerji ixrac edən məkana çevrilib. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsi isə mövcud potensialın daha da gücləndirilməsinə imkan verir.

Bu çərçivədə Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası qurulub. Stansiyanın qurulması üçün ötən il avqustun 9-da İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Kənd təsərrüfatına yararsız 5 hektar ərazidə yerləşən stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, hər birinin gücü 320 vatt olan 9416 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 61 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası, 1 ədəd 35 kilovoltluq qapalı paylayıcı yarımstansiya quraşdırılıb.

Yeni quraşdırılmış Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik Stansiyalarının illik istehsal gücü 40,5 milyon kilovat-saata çatdırılıb. İyulun 8-də yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri deyib: “Muxtar respublikada enerji təhlükəsizliyi sahəsində qarşıda duran əsas vəzifə dünya dövlətlərinin də xüsusi diqqət yetirdiyi bərpa olunan enerji ilə təminat işidir. Ona görə də muxtar respublikada günəş enerjisindən, eləcə də mövcud hidroenerji potensialından səmərəli istifadə olunur, dağ çaylarında yeni su elektrik stansiyaları tikilir. Hazırda Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu stansiyalar istifadəyə verildikdən sonra muxtar respublikanın elektrik enerjisi tələbatının 90 faizə yaxını bərpaolunan enerji mənbələri hesabına təmin olunacaqdır. Yeni stansiyaların qurulması həm də mütəxəssis hazırlığını zəruri edir. Naxçıvan Dövlət Universitetində energetika sahəsində kadr təminatını ödəmək üçün müvafiq ixtisas açılmış, həmin ixtisas Dövlət Energetika Xidmətinin hamiliyinə verilmişdir. Artıq o ixtisası bitirən məzunlar Dövlət Energetika Xidmətində müxtəlif sahələrdə işlə təmin olunur, yeni qurulan stansiyaları yerli mütəxəssislər idarə edirlər”.

“Yeni qurulan elektrik stansiyaları ilə yanaşı, bu sahədə yetişən yerli mütəxəssislərimiz də bizim sərvətimizdir”, - deyən Ali Məclisin Sədri Dövlət Energetika Xidməti tərəfindən mütəxəssis hazırlığına bundan sonra da diqqət yetirilməsi və qurulanlardan səmərəli istifadə olunması barədə tapşırıqlar verib.

Ali Məclisin Sədri İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, gələcəkdə də Naxçıvanda yeni Günəş və külək elektrik stansiyalarının tikintisinin davam etdiriləcəyini diqqətə çatdırıb.

Daha sonra Dövlət Energetika Xidmətinə yeni avtomobil və texnikalar təqdim olunub. Ali Məclisin Sədri avtomobil və texnikalara baxıb, müvafiq tapşırıq və tövsiyələr verib.

Onu da qeyd edək ki, hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 55 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. İstifadəyə verilən günəş elektrik stansiyalarının ümumi gücü 27 meqavata bərabərdir. Ötən il Kəngərli rayonu ərazisində 2 meqavatlıq Günəş Elektrik Stansiyası istifadəyə verilib. İyulun 8-də isə rayonda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başlaması ilə rayon üzrə abonentlərin 32 faizə yaxını həmin stansiyaların istehsal etdiyi elektrik enerjisi ilə təmin olunur.

Təbiətin qorunması və zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekoloji problemlərin həllinə qayğı ilə yanaşaraq deyib: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkəmizin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Son nəticədə ən önəmli sahə budur. Neft-qaz tükənən sərvətlərdir... Ancaq təbiət, ətraf mühit - bu, daimi sərvətdir. Əsrlərboyu, minilliklərboyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq”.

Naxçıvan Muxtar Respublikasında təbiətin mühafizəsinə, yaşıllıq sahələrinin artırılmasına xüsusi diqqət və qayğı göstərilir. Muxtar respublikanın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət alıb. Hər il yeni meyvə bağları, meşə zolaqları salınır, təbiətin zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Havaların isti keçdiyi bu günlərdə isə meyvə bağlarına və yaşıllıq zolaqlarına aqrotexniki qaydada qulluq göstərmək, ağacları vaxtlı-vaxtında suvarmaq mühüm əhəmiyyət daşıyır.

İyulun 11-də muxtar respublikada iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib. Ali Məclisin Sədri iməcilikdə iştirak edib.

Çəkilən zəhmət layiqincə qiymətləndirilir

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin təməli qoyulub. Bu gün Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf təmin edilib, dövlət-xalq birliyi və sabitlik yaranıb. Muxtar respublikada geniş quruculuq işləri aparılır, bütün yaşayış məntəqələri müasirləşdirilir, insanlar rahat yaşayırlar. Bu inkişaf hər bir sakini doğma torpağa daha sıx tellərlə bağlayır. Bütün uğurlara aparan yolun təməli isə 1969-cu il iyulun 14-də qoyulub. Buna görə də həmin tarix həmişə yaddaşlarımızda yaşayır, həmişə xatırlanır.

İyulun 14-də - Ulu Öndərin ölkəmizə rəhbər seçilməsinin 51-ci ildönümündə Azərbaycan Respublikasının medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilib.

Əvvəlcə Tovuz rayonu ərazisində işğalçı Ermənistanın təxribatı nəticəsində şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi yad edilib.

Ali Məclisin Sədri çıxışında deyib: “Ötən əsrin 90-cı illərinin əvvəlində Heydər Əliyevin siyasətindən kənarlaşması nəticəsində Azərbaycan faciələrlə üzləşdi. Lakin 1993-cü ildə Ümummilli Liderimizin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı sabitliyə, inkişaf və tərəqqiyə qovuşdurdu. Hazırda bu yolun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik və inkişaf vardır. Azərbaycan inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Ölkəmizin inkişafında xidməti olanların, fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən qiymətləndirilir. Bu gün təltif olunanlar, dövlətimizin ali mükafatlarına layiq görülənlər də çalışdıqları sahələrdə əməkləri ilə seçilən, fərqlənən şəxslərdir”.

Ali Məclisin Sədri təltif olunanları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikası medallarının və fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə təhsil sahəsi üzrə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın və idman sahəsi üzrə Babək rayon Vayxır kənd tam orta məktəbin şagirdi Vüsal Seyidovun adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Ali Məclisin Sədri təqaüd kartlarını gənc istedadlara təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

İlin birinci yarısında sosial-iqtisadi sahədə böyük uğurlar qazanılıb

Muxtar respublikada bu ilin birinci yarısında iqtisadi fəaliyyətin müxtəlif sahələrində 12-si özəl investisiyalı olmaqla, 81 istehsal və xidmət sahəsi istifadəyə verilib. Yeni yaradılan sahələrdə 352 iş yeri açılıb. Hazırda müxtəlif xidmətlər üzrə 38 sahənin yaradılması davam etdirilir. Cari ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 62 layihənin maliyyələşdirilməsinə 7 milyon 42 min manatdan çox güzəştli kredit ayrılıb ki, bunun da 6 milyon 236 min manatı sənayenin, 806 min 500 manatı kənd təsərrüfatının payına düşüb. Sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlаrının müdаfiəsi daim diqqətdə saxlanılıb, xüsusi fəaliyyət növləri üzrə 748 lisenziya, dəyəri 652 min 200 manat olan layihəyə təsdiqedici sənəd verilib. Həmçinin ixracın təşviqi və sənaye məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində yerli ixracatçılara 11 ixrac əməliyyatı üzrə 21 min 150 manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilib.

Bu ilin ilk altı ayında 27 heyvandarlıq təsərrüfatının yaradılması, 14 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, tutumu 2700 ton olan 2 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Muxtar respublikada istehsal olunan vafli məhsulları, tütün məmulatları, sement, travertin, mərmər, mebel məmulatları, mineral sular 11 ölkəyə ixrac olunub. Ənənəvi ixrac bazarları ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən şirkətlər tərəfindən Oman Sultanlığı, Belçika Krallığı kimi ölkələrə də məhsul ixrac edilib, ərzaq məhsulları nüfuzlu beynəlxalq qida sərgilərində nümayiş olunub.

2020-ci ilin birinci yarım ilində muxtar respublikada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 61 milyon 966 min manat həcmində inşaat işləri yerinə yetirilib ki, bunun da 57 milyon 559 min manatını və ya 92,9 faizini tikinti-quraşdırma işləri təşkil edib. Bu ilin ötən dövründə 2 məktəb binası, 1 musiqi məktəbi, 2 səhiyyə müəssisəsi, 2 kənd mərkəzi, 3 xidmət mərkəzi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Dəstəsi üçün kompleks, Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası, Badamlı zavodu, Culfa şəhərində Rabitə Evi istifadəyə verilib. Naxçıvan şəhərində 7 mərtəbəli 6 mənzilli yaşayış binasının tikintisi və 2 yaşayış binasının yenidən qurulması başa çatdırılıb. Hazırda Naxçıvan şəhərində 44 mənzilli, Şərur şəhərində 40 mənzilli, Ordubad şəhərində 28 mənzilli, Culfa şəhərində 18 mənzilli, Şahbuz rayon “N” saylı hərbi hissədə 44 mənzilli və Şahbuz şəhərində 40 mənzilli yaşayış binalarının tikintisi davam etdirilir. Ötən dövrdə Naxçıvan şəhər Buzxanası, Ordubad rayon Dar kəndində Su dəyirmanı, Yusif Küseyir oğlu türbəsi, Şahtaxtı hamamı bərpa olunub, Naxçıvan şəhərində “Sahil Parkı” istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində məscidin, Şərur rayonunda Mədəniyyət Sarayının, Şərur və Sədərək rayonlarında Bayraq meydanlarının, Babək şəhərində bazarın, Şahbuz rayonunun Ağbulaq kəndində Xizək Mərkəzinin, Ordubad və Tivi su elektrik stansiyalarının tikintisi davam etdirilir. Muxtar respublikada yol nəqliyyat kompleksinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də ardıcıl tədbirlər görülüb, Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunun Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd-Darkənd avtomobil yollarının, Culfa şəhərində avtomobil yolunun yenidən qurulması başa çatdırılıb. Tikintisi həyata keçirilən obyektlərin maya dəyərinin aşağı salınması, yerli istehsal materiallarından istifadəyə üstünlük verilməsi, tikintidə təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri diqqətdə saxlanılıb.

Hər il daha da abadlaşan, gözəlliyi ilə göz oxşayan muxtar respublikanın uğurlu sosial-iqtisadi inkişaf mənzərəsini əks etdirən bu faktlar iyulun 21-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qeyd edilib.

Sessiyada çıxış edən Ali Məclisin Sədri deyib: “Ulu Öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi imkan verəcəkdir ki, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası 2020-ci ili də bütün sahələrdə uğurlu nailiyyətlərlə başa vursun. Məqsədimiz ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf, sabitlik və rifahı daha da möhkəmləndirməkdir. Bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında hər birinizə uğurlar arzulayır, çıxışımı Ulu Öndərin fikirləri ilə tamamlayıram: “Hamı üçün bir istiqamət olmalıdır: Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, Azərbaycan Respublikasında siyasi sabitlik yaratmaq və Azərbaycan Respublikası vətəndaşlarının rahat yaşaması üçün şərait yaratmaq”.

Ali Məclisin Sədri 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublikanın hər bir sakininə uğurlar arzulayıb.

Azərbaycan Milli Mətbuatının 145 illiyi yüksək səviyyədə qeyd olunub

İyulun 22-də ictimai-mədəni tarixinin önəmli səhifələrindən birinin - milli mətbuatın yaranmasının 145 illiyi yüksək səviyyədə qeyd edilib. Eyni zamanda, 22 iyul dövlətçilik tariximizdə əlamətdar gün kimi qeyd olunur. 1990-cı il iyulun 20-də ümummilli liderimiz Heydər Əliyev Moskvadan Bakıya, iki gün sonra – iyulun 22-də isə Naxçıvana gəlib, xilaskarlıq missiyasına buradan başlayıb.

Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafı sahəsində mühüm işlər görülüb. Bu gün Naxçıvanda “Şərq qapısı”, 8 şəhər və rayon qəzeti, elm və ali təhsil müəssisələrinin qəzetləri, 3 televiziya, 3 radio, 1 informasiya agentliyi və onlarla internet informasiya resursları, nəşriyyatlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir ki, bunlar da öz ətrafında 400-ə yaxın jurnalisti birləşdirir. Bu, böyük bir nailiyyət, yaradılan şəraitin nəticəsidir.

İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə tədbir keçirilib.

Ali Məclisin Sədri hər iki əlamətdar gün münasibətilə tədbir iştirakçılarını, onların timsalında muxtar respublikanın bütün mətbuat işçilərini və əhalisini təbrik edib.

Ali Məclisin Sədri deyib: “Milli mətbuatımızın əsası 145 il bundan əvvəl qoyulsa da, müstəqil mətbuatımız Ümummilli Liderimizin muxtar respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvanda yaradılmışdır. Ulu Öndərimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda mətbuatın inkişafı sahəsində əsaslı işlər görülmüş, dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Ümummilli Liderimizin yolunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti mətbuatın inkişafına da xüsusi qayğı göstərir. Artıq ölkəmizdə xalqının taleyini, dövlətinin bu gününü və gələcəyini düşünən, dünyada gedən prosesləri təhlil edən, milli mənafeyimizi qoruyan mətbuat ordusu formalaşmışdır. Ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamında da deyildiyi kimi, “Ökəmizdə müstəqil, güclü, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır”.

Ali Məclisin Sədri muxtar respublikada mətbuatın formalaşmasında və inkişafında əməyi, fəaliyyəti olan bütün jurnalistlərə təşəkkürünü bildirib.

“Muxtar respublikanın mətbuat işçiləri ilə fəxr edirəm”, - deyən Ali Məclisin Sədri Naxçıvanda bütün yaşayış məntəqələrində sürətli internetə və informasiyaya çıxış imkanlarının yaradıldığını bildirib, düzgün informasiya siyasətinin həyata keçirilməsində və jurnalistlər arasında varisliyin təmin olunmasında mətbuat işçilərinə uğurlar arzulayıb.

Ali Məclisin Sədri yeni mənzilin orderini Aysun Məmmədli və Razim İsmayıllıya təqdim edib, xatirə şəkli çəkdirilib.

Muxtar respublika rəhbəri tədbirə yekun vuraraq deyib ki, həyata keçirilən tədbirlər muxtar respublikada informasiya blokadasını yarıb. Artıq muxtar respublikada baş verən hadisələr qısa müddətdə bütün dünyada yayılır. Dünyanın müxtəlif ölkələrində yaşayan ekspertlər, tədqiqatçılar Naxçıvanla bağlı məlumatlar əldə edirlər. Muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaqdır. Hər bir jurnalist isə öz qələmi ilə Vətəninə, xalqına xidmət etməlidir.

“Şərurun içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi uğurla reallaşdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Suyun nə dərəcədə əhəmiyyətli olduğunu artıq bütün dünya bilir, görür və biz də bu sahədə vaxt itirməməliyik. Biz vaxtı qabaqlamalıyıq, gördüyümüz işləri elə qurmalıyıq ki, ölkəmiz üçün, əhali üçün lazım olan bütün infrastrukturu yaradaq”. Dövlətimizin başçısının bu fikri rəhbər tutularaq muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi yaşayış məntəqələrinin içməli su təminatı mühüm yer tutur. Çünki keyfiyyətli içməli su ilə təchizat həm də sağlam həyat deməkdir.

Bu tədbirlər Şərur rayonunda da uğurla davam etdirilir. Belə ki, “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi uğurla reallaşdırılır. Layihə üzrə tikinti işlərinə 2012-ci ildə başlanılıb, bugünədək Şərur şəhəri və ətraf 4 kənddə - Mahmudkənd, Yengicə, Zeyvə və Düdəngədə içməli su şəbəkəsi, Şərur şəhərində həm də kanalizasiya şəbəkəsi tikilib. Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin tikintisinə 2019-cu ilin fevral ayında başlanılıb. 2 hektar ərazidə yerləşən kompleksdə sahəsi 700 kvadratmetr olan sutəmizləyici qurğu, gözətçi binaları, hər birinin tutumu 400 kubmetr olan 2 xam, ümumi tutumu 27 min 500 kubmetr olan 3 təmiz su anbarı yerləşir. Sutəmizləyici qurğu binasında idarəetmə, elektrik təchizatı otaqları, anbar və yeməkxana vardır. İyulun 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub.

Sutəmizləyici qurğunu işə salan Ali Məclisin Sədri kompleksin istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik edərək deyib: “Bu gün dünyanın qarşısında duran problemlərdən biri də təmiz su təminatıdır. Hər bir ölkə içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsində su ehtiyatlarından qənaətlə istifadə etməlidir. Ölkəmizdə bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Vaxtilə Bakı şəhərinə Şollar suyunun çəkilməsi, keçmiş Sovetlər Birliyi dövründə isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu məsələnin diqqətdə saxlanılması, həyata keçirilən tədbirlər bu gün ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının su təminatında ciddi dönüş yaratmışdır. Ötən əsrin 70-ci illərində Şərur rayonunda Arpaçay Su Anbarı, eləcə də ölkəmizdə yeni su anbarları və kanalları tikilmiş, subartezian quyuları qazılıb istifadəyə verilmişdir. Müstəqillik illərində də Ulu Öndərin rəhbərliyi ilə bu işlər davam etdirilmişdir”.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar verib.

“Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində rayonun Cəlilkəndində də yeni içməli su şəbəkəsi qurulub. Kənddə müxtəlif diametrli borularla ümumi uzunluğu 18 kilometrdən çox su xətti çəkilib, 340-dan çox abonentlə müqavilə bağlanılıb. İyulun 24-də kənddə içməli su şəbəkəsinin açılışı olub.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri çıxış edərək deyib: “Hər bir yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması vacib məsələdir. Su haradadırsa, həyat, sağlamlıq və təmizlik də oradadır. Ölkəmizdə qəbul olunmuş dövlət proqramlarının tərkib hissəsi kimi muxtar respublikamızda da əhalinin içməli və təsərrüfat suyu ilə təminatı diqqətdə saxlanılır. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən bu işlər böyük əhəmiyyət daşıyır. Çünki dayanıqlı su təminatı əhalinin sosial problemlərinin həll olunması sahəsində görülən vacib işlərdəndir”.

Ali Məclisin Sədri sakinlərə təbriklərini çatdırıb, içməli su şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür edib, içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.

Strateji inkişaf siyasəti uğurla davam etdirilir

Heydər Əliyev ideallarına sadiq olan Naxçıvanda dahi şəxsiyyətin müəyyənləşdirdiyi strateji inkişaf siyasətinin uğurla davam etdirilməsi qədim diyara yeni-yeni nailiyyətlər bəxş edir. Ötən ayın ümumi mənzərəsi də belə deməyə əsas verir. Qeyd etdiyimiz kimi, bütün bu uğurlar isə dünyada pandemiyanın hökm sürdüyü 2020-ci ilin iqtisadi reallıqları fonunda baş verir. Aparılan məqsədyönlü siyasət nəticəsində bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz gündən-günə möhkəmlənir, güclənir, bu isə ölkəmizin, o cümlədən muxtar respublikamızın sosial-iqtisadi baxımdan sürətli inkişafına yol açır.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən siyasətin strateji məqsədi sosialyönümlü, diversifikasiya olunmuş, özünüinkişaf qabiliyyətli iqtisadiyyatın qurulmasıdır. Qürurla deyə bilərik ki, muxtar respublika bu sahədə tarix üçün olduqca qısa sayılan zaman kəsiyində həqiqətən də qibtə ediləcək nailiyyətlər qazanıb, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi adekvat olaraq bütün sahələrdə modernləşməyə əsaslı təkan verib, blokada vəziyyətində özünəməxsus milli inkişaf modelini yaradıb. Qazanılmış uğurlu nəticələr, inkişafın sabit və dayanıqlı səciyyə daşıması qabaqcıl idarəçilik metodlarının tətbiq edilməsi ilə birbaşa bağlıdır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb