REGİONLAR
Xalqımız 20 Yanvar tarixini qürur və şərəf günü kimi xatırlayır
Beyləqan, 15 yanvar, AZƏRTAC
1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Odur ki, xalqımız 32 il əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən “20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi" adlı tədbirdə bəhs edilib.
Beyləqan rayon ümumtəhsil məktəblərinin bir qrup müəllim və şagirdinin, Mərkəzin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərkəzin elmi işçisi Mədinə Rzayeva çıxış edərək, xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində törətdikləri faciədən danışıb. Bildirib ki, 20 Yanvar faciəsindən bizi 32 illik zaman kəsiyi ayırır. 32 ildir ki, Bakı şəhərindəki Şəhidlər xiyabanı və Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış “Əbədi məşəl” xatirə kompleksi xalqımızın ən möhtəşəm ziyarətgahına, müqəddəs and yerinə çevrilib.
Tədbirdə məktəblilər 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda Mərkəzin əməkdaşları tərəfindən hazırlanan videoçarx nümayiş etdirilib.