SİYASƏT
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan xalqının tarixinə faciəli günlərdən biri kimi daxil olan 20 Yanvarı və bu faciədə canını fəda edən şəhidlərimizi bu il tam fərqli şəkildə andıq. 30 il qəm-qüssə, kədərlə, ürəkağrısı ilə andığımız bu gün bu dəfə hər birimizdə fərqli bir hisslər oyatdı. Xalqımız vətənpərvər övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına başıuca, üzüağ getdi. 20 Yanvar şəhidlərimizi bu dəfə kədər, qəm qüssə ilə yox, fəxarətlə, qürurla yad etdik. Biz sübut etdik ki, şəhidlərimizin qanı bahasına başa gələn azadlığımız, istiqlaliyyətimiz əmin əllərdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Deputat deyib: “Biz xoşbəxt və qəhrəman xalqıq ki, şəhidlərimizin qisasını ala bildik. Vaxtilə 20 Yanvar faciəsinin katalizatoru olan Dağlıq Qarabağ münaqişəsinə artıq son qoyulub. Müstəqil Azərbaycan dövləti bu gün tarixində ən güclü dövrünü yaşayır”.
Bu il Şəhidlər xiyabanına ziyarət edənlər arasında gənclərin daha çox olduğunu deyən deputat qeyd edib ki, həmin gənclərin çoxu ömründə heç Qarabağ torpağını görməyib. O gənclər ki, vüqarımız olan Şuşanı dişləri, dırnaqları ilə vuruşa-vuruşa düşməndən geri alıblar: “Bütün nəsillərin böyük qələbəmizdə zəhməti, payı olsa da, sözsüz ki, düşmənə döyüş meydanında ən böyük zərbəni Azərbaycan gəncləri vurdu. Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri olan gənclərimiz çox vətənpərvərdirlər. Azərbaycan gəncləri Vətən torpaqlarını azad etmək üçün fədakarlıq, qəhrəmanlıq nümunələrinə çevrildilər. Həmin gənclərin 20 Yanvar şəhidlərini ziyarəti fərqli bir atmosfer, təntənə, vəhdət yaratdı”.
Vüqar İskəndərov vurğulayıb ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə insanlar 20 Yanvarı qürur mənbəyi, azadlıq mübarizəsinin alovlandığı tarixi gün kimi qeyd etdi. Bu gün Azərbaycan xalqının qəlbində daha çox qəhrəmanlıq abidəsi kimi ucaldı. Xalqımız 20 Yanvarı iftixar ünvanı, milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı.