SİYASƏT
Xalqımız Prezident İlham Əliyevin apardığı uğurlu siyasətinin gələcəkdə də ölkəmizə yeni zəfərlər bəxş edəcəyinə inanır
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan xalqı, dünya azərbaycanlıları bizimlə bərabər 44 günlük savaşın həyəcanını yaşayan, xalqımıza misilsiz mənəvi və siyasi dəstək verən qardaş Türkiyə ilə birgə Zəfərimizin birinci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Elə bir Zəfər ki, onun əzəməti, siyasi, mənəvi, iqtisadi, tarixi əhəmiyyəti çoxəsrlik dövlətçilik tariximizdə olan heç bir hadisə ilə müqayisə edilə bilmir. Bu Zəfər dünya, Azərbaycan var olduqca xalqımız üçün sevinc, ilham, inam, güc mənbəyi olacaq. Xalqımızın şərəf, qürur, ləyaqət rəmzi olan Zəfərin şüaları heç zaman sönməyəcək. Gələcək nəsillər Zəfərin ruhu ilə formalaşacaq. Bu Zəfəri qazandıranların amalı, əqidəsi onların mücadilə məfkurəsi olacaq. Bu Zəfəri qazandıran 44 günlük Vətən müharibəsinin hər bir iştirakçısı, qazisi, şəhidi və müzəffər Milli Ordumuzun Ali Baş Komandanı əbədiyaşarlıq qazanaraq, xalq qəhrəmanı kimi, daim dillər əzbəri olacaq. Onlar hər zaman minnətdarlıq və şükranlıqla anılacaq. Şərəf və ləyaqətimizdəki ləkəni qanları, canları və həyatları hesabına təmizləyən bu qəhrəmanlar Azərbaycan xalqının milli mənəvi dəyəri kimi xalqımız tərəfindən göz bəbəyi kimi qorunacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib.
O bildirib ki, bir il bundan öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə əldə etdiyimiz böyük Qələbə tariximizin şanlı səhifəsinə çevrildi. Bu Qələbə bölgəmizdə yeni geosiyasi reallıqlar yaratdı. Azərbaycanın ərazi bütövlüyü təmin edildi, bir milyona yaxın qaçqın və məcburi köçkün soydaşımızın pozulmuş fundamental hüquqları bərpa edildi. Təxminən 30 il ərzində hökm sürən tarixi ədalətsizliyə son qoyuldu, haqq-ədalət bərqərar oldu. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında qeyd etdiyi “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir” fikirlər əslində erməni faşizmini dəstəkləyən qüvvələrə çox ciddi mesajlar idi.
“Sözsüz ki, istənilən dövlətin uğurlu daxili və xarici siyasətinin təməllərindən biri xalqın birliyi və dəstəyidir. Ötən il möhtəşəm Zəfər qazandığımız 44 günlük Vətən müharibəsi də Azərbaycan xalqının öz Ordusuna, Liderinə və apardığı ədalət mübarizəsinə inamını və birliyini təzahür etdirdi. Azərbaycan xalqı inanır və əmindir ki, bundan sonra da dövlətimizin xarici siyasətinin əsasında xalqın maraqları dayanacaq. Məhz bu siyasət bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə öz töhfəsini verəcək. Bu gün xalqımız Prezident İlham Əliyevin Azərbaycan xalqının birliyinə əsaslanan uğurlu xarici siyasətinin gələcəkdə də ölkəmizə yeni-yeni zəfərlər bəxş edəcəyinə inanır və ona etimad göstərir”, - deyə deputat bildirib.