SİYASƏT
Xalqımız Ümummilli Liderin əvəzsiz xidmətlərini heç zaman unutmur
Buxarest, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində səfirliyin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Buxarestdə yerləşən Tey Parkı-Heydər Əliyev xiyabanında Ümummilli Liderin büstü önünə əklillər qoyaraq, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasim Azərbaycanın Rumıniyadakı səfirliyində davam edib.
Tədbirdə çıxış edən səfir Hüseyn Nəcəfov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verərək, ölkəmizin yeni tarixinin bütöv bir hissəsinin müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diplomat qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Vurğulanıb ki, 1993-cü ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını parçalanmaqdan məhz Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində ölkəmiz fəlakətdən qurtulub.
Səfir bildirib ki, Azərbaycanın xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız heç zaman unutmur.
H.Nəcəfov bildirib ki, 1993-cü ildə xalqın israrlı təkidi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində müsbət dəyişikliklər edilib. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mərasimdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Sonda Ümummilli Liderin əziz xatirəsinə ehsan süfrəsi açılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest