SİYASƏT


Xalqımız torpaqlarımızın azad edilməsi uğrunda mübarizənin önündə gedən əsgər və zabitlərimizlə fəxr edir

Bakı, 28 sentyabr, AZƏRTAC 

İşğalçı Ermənistanın silahlı birləşmələrinin yeni ərazilər işğal etmək məqsədilə yenidən Azərbaycana qarşı hücuma keçərək mülki əhalini hədəfə alması beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də beynəlxalq humanitar hüququn və 1949-cu il Cenevrə konvensiyalarının növbəti dəfə kobudcasına pozulduğuna əyani sübutdur.

AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat deyib ki, Ermənistan silahlı qüvvələrinin intensiv artilleriya atəşi nəticəsində Naftalan rayonunun Qaşaltı kəndindən bir ailənin beş üzvünün həlak olması erməni faşizminin iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Böyük siyasi iradəyə və gücə malik Ordumuz düşmənə ağır zərbələr endirərək onu geri oturdub, əks hücuma keçərək işğal olunmuş ərazilərimizdə yeddi yaşayş məntəqəsini və iki strateji hündürlüyü azad edib. Bütün bunlar xalqımızı böyük qələbəyə daha da yaxınlaşdırmaqdadır.

Heç kəsə sirr deyil ki, bu gün dünyada mövcud ədalətsizliklər, siyasi riyakarlıq, terrorçu dövlət olan Ermənistana qarşı tutulan güzəştli mövqe var. O da məlumdur ki, erməni təxribatları artıq sistemli xarakter daşıyır, yəni təxribatlar nəinki real cəbhədə, dövlətin ayrı-ayrı siyasi bəyanatlarında, həmçinin informasiya məkanında-sosial şəbəkələrdə də öz əksini tapmaqdadır. Eyni zamanda, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmanı şou xarakterli, humanitar yardım olaraq göstərməklə beynəlxalq qanunlara saymazlığı həyasızcasına nümayiş etdirir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa, ABŞ prezidentləri öz bəyanatlarında status-kvonun qəbuledilməz olduğu ilə bağlı bəyanatlar səsləndirirlər, lakin təəssüflər olsun ki, 30 ilə yaxın bir dövrdə bu bəyanatlar kağız üzərində qalmaqdadır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu gün Azərbaycanın yalnız real addımlara ehtiyacı var.

Dünya artıq Azərbaycanın tarixi ədalətin bərpası üçün mübarizə apardığına şahidlik edir. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır!. Bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa, canından, qanından keçməyə hazırdır.

Ordumuz Qarabağı və ətraf rayonları erməni işğalından azad etmək üçün müqəddəs savaşa başlayıb. Ölkəmiz üçün bu çətin, həssas və tarixi baxımdan şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanımızın, Ordumuzun yanındadır. Bu gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs savaşın onündə gedən əsgər və zabitlərimizlə fəxr edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.