REGİONLAR
Xalqımızın azadlığını, suverenliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürur mənbəyimizdir
Naxçıvan, 15 noyabr, AZƏRTAC
XX əsrin 90-cı illərində demokratik proseslərin önündə gedən Naxçıvan doğma Azərbaycanımızın gələcəkdə suveren, demokratik bir dövlət kimi yaşaması üçün öz qəti iradəsini göstərərək müstəqillik tariximizdə əvəzsiz rol oynayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində muxtar respublikanın orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə “Naxçıvanda ucaldılan Dövlət Bayrağı” mövzusunda keçirilən konfransda səsləndirilib.
Konfransda çıxış edən muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev bildirib ki, milli dövlətçiliyimizin hüquqi əsaslarının yaradılmasına məhz 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Həmin tarixdə Ümummilli Liderimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlətçiliyimizin, müstəqilliyimizin bərpası üçün çox mühüm qərarlar qəbul edilib. Elə həmin ildə görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ucaldılıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması, eləcə də 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi Naxçıvanda dövlət atributlarına ehtiramın ən böyük ifadəsidir.
Naxçıvan Dövlət Bayrağı muzeyinin direktoru Rəmzi Hüseynov “Bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir”, Heydər Əliyev Muzeyinin bələdçisi Əfsanə Məhərrəmova “Bayrağımız qürur mənbəyimizdir” mövzularında çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması ulu öndər Heydər Əliyevin yoluna sədaqət və sevginin təzahürüdür. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Diqqətə çatdırılıb ki, 2014-cü ildən etibarən noyabr ayının 17-si muxtar respublikamızda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur və iftixar hissləri yaşadır.
Sonra “Yüksəlişə üçrəngli yol” filmi nümayiş etdirilib, konfrans iştirakçıları Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.