Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifəsi

“Mən bu gün qürurla
deyirəm ki, biz Azərbaycan Xalq
Cümhuriyyətinin sədaqətli və
layiqli varisiyik. Varislik həmişə
böyük məsuliyyət demək
olmuşdur... Biz tarixdən ibrət
götürməliyik”
 
                                 HEYDƏR ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Ölkə başçısının 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir. Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq respublikamızın hər bir guşəsində və onun hüdudlarından kənarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan silsilə tədbirlər keçirilir və məqalələr yayımlanır.

Hər bir xalqın həyatında xüsusi əhəmiyyət kəsb edən unudulmaz və əzəmətli tarixi dönəmlər var. XIX-XX və XX-XXI əsrlərin qovuşduğu illər Azərbaycan tarixinin ən parlaq və Azərbaycan xalqının yaddaşına həkk olunmuş səhifələrdir. Azərbaycan məhz bu taleyüklü dövrlərdə dövlət müstəqilliyi qazanaraq dünya birliyində layiqli yer tutmağa müvəffəq olmuşdur. 70 ildən artıq bir müddətdə 1998-ci ildə 80 illik yubileyi dövlət səviyyəsində ilk dəfə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti “XX əsrdə Azərbaycan xalqının həyatında tarixi mərhələ olmuş, xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının və suverenliyinin bünövrəsini qoymuşdur”.

XX yüzilliyin əvvəllərində mahiyyətcə despotizmin və monarxiyanın hökm sürdüyü Şərqdə Azərbaycan Xalq Cümhuriyyətinin formalaşdırdığı ideal dövlət quruluşu, demokratik idarəetmə forması əlbəttə ki, misilsiz tarixi və fenomenal hadisədir. Məhz həmin dövrdə ictimai şüurda demokratik ənənələrinin əsası qoyulur və inkişaf edirdi. Nəticə etibarilə demokratik normaların inkişafı sahəsində qısa zamanda qazanılan təcrübənin respublikanın müasir siyasi həyatında əməli surətdə reallaşdırılması AXC-nin ümumdünya sivilizasiya dəyərləri sisteminə tamhüquqlu üzv kimi daxil olması üçün əlverişli tarixi şərait yaratmışdır.

“Gələcək nəsillər də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər”.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa zaman kəsiyində dövlətçilik ənənələrinin formalaşdırılması və mütərəqqi idarəçilik institutlarının təsis edilməsi baxımından yüksək nəticələr əldə etməyə nail olmuşdur.

Bu gün xalqın tarixi keçmişinin ondan gizlədilmiş səhifələrinin yenidən oxumaq, onun ən yaxşı oğullarının nəcib təşəbbüslərini, onların fəaliyyətlərini müasirlərimizin nəzərinə çatdırmaq hər bir tarixçinin, hər bir vətəndaşın birinci dərəcəli vəzifəsidir. “Tarixçilər, tədqiqatçılar, icmalçılar, ədəbiyyat, mədəniyyət xadimlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında geniş tədqiqat işləri aparıblar”.

AXC-nin hansı şəraitdə yaranması, onun yaradılmasından əvvəlki hadisələr yəqin ki, hər bir soydaşımız üçün maraqlı olar.

XVIII əsrin başlanğıcında tarixin siyasi səhnəsinə çıxmış Rusiya imperiyası 1917-ci ilin fevral ayında süqut etdi. Keçmiş çar Rusiyasının bütün ərazisində tənəzzül, hərc-mərclik və anarxiya şəraitində milli-demokratik qüvvələr fəallaşmağa başladı. Azərbaycanda da hadisələr yüksələn xətt boyunca inkişaf etməkdə idi. Xalqın azadlıq və ədalət barədə çoxəsrlik ümidlərinin çin olması üçün təxirəsalınmaz məsələlərin dərhal həll olunması tələb edilirdi. Bütün Azərbaycan milləti oyanırdı. "Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdı". Azərbaycan ictimaiyyətinin nümayəndələri mitinqlər təşkil edir, pafoslu çıxışlar edərək bildirirdilər ki, "bizim birinci dərəcəli vəzifəmiz - çoxdan həsrətində olduğumuz bu azadlığı qoruyub saxlamaqdır...” ("Kaspi" qəzeti, 1917-ci il, 18 mart) Bu sözlər xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmiş Azərbaycan ziyalılarının planetar miqyaslı təfəkkürünün əsl təsdiqi idi.

1917-ci ilin fevral ayı Rusiya ucqarlarının və Zaqafqaziyanın xalqları üçün milli oyanış dövründə ciddi dönüş məqamı oldu. Rusiyada mütləqiyyət monarxiyası süqut etdi. İmperiyanın bütün xalqları qarşısında geniş siyasi inkişaf perspektivləri açılırdı.

Bu dövrdə özünün bitərəf olduğunu elan edən F.Xoyski 1917-ci ilin mart ayında Bakıda yaradılmış Zaqafqaziya Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdi. Komitənin qarşısında çarizmdən miras qalmış ciddi siyasi, iqtisadi, mədəni və hərbi problemlər dururdu. Yığıncaqlarda, qurultaylarda və müşavirələrdə çıxış edən Xoyski və onun həmfikirləri cəmiyyətdə get-gedə geniş miqyas alan böhrandan xilas olmaq üçün əlac axtarırdılar.

Demokratik respublika qurmaq Azərbaycan milli hərəkatının ən əsas idealı idi. Məhz buna görə dünya demokratiya ənənələrini həyata keçirmək üçün müsəlman milli komitələri yaradılmışdı. Müsəlman demokratiyası fəaliyyətində əvvəldən axıradək Qafqaz xalqlarının qarşılıqlı münasibətləri məsələsinə birinci dərəcəli əhəmiyyət verirdi.

Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi və Bakıda Sovet hakimiyyətinin elan edilməsi nəticəsində siyasi vəziyyət kökündən dəyişdi.

1917-ci il oktyabrın 26-31-də Bakıda Müsavat Partiyasının birinci qurultayı keçirildi. Qurultayda çıxış edən Fətəli xan Xoyski demişdi: “Müxtəlif səbəblər üzündən mən heç bir partiyaya daxil olmamışam, lakin onların hamısı ilə işləmişəm. Bu, mənə imkan verir ki, hər bir partiyanın fəaliyyətini qərəzsiz təhlil edim. Bu gün qurultay qarşısında etiraf etməliyəm ki, “Müsavat”ın Azərbaycan qarşısında xidmətləri son dərəcə böyükdür. Özü də bu, ifrat millətçilikdən deyil, ondan irəli gəlir ki, Vətənin, millətin mənafelərini həmişə partiyanın mənafelərindən üstün tutulur...”

Vətənin və millətin mənafelərini müqəddəs hesab edən Fətəli xan Xoyski əqidə yoldaşlarının da bu keyfiyyətlərə malik olduğunu görür və haqlı olaraq, onları yüksək qiymətləndirirdi. Zaqafqaziya Komissarlığında maarif naziri olarkən o, həm də Zaqafqaziya Müsəlmanları Mərkəzi İcraiyyə Komitəsinin sədri vəzifəsini tuturdu. Fətəli xan Zaqafqaziya Komissarlığının rəhbərliyi qarşısında məsələ qaldırmışdı ki, nizami Azərbaycan ordusu yaradılmalıdır. Komissarlığın sədri J.P.Qeqeçkori 1917-ci il noyabrın 15-də F.Xoyski tərəfindən qaldırılmış məsələyə rəsmən müsbət münasibət bildirmiş və ona tapşırmışdı ki, müvafiq qətnamənin layihəsini hazırlasın. Dekabrın 11-də komissarlığın sədri “Zaqafqaziya müsəlman nizami ordusunun təşkil edilməsi haqqında” yeddi bənddən ibarət qətnaməni imzalamış, bu qətnamənin icrasına nəzarət isə F.Xoyskiyə tapşırılmışdı.

Azərbaycan xalqı çoxdan intizarında olduğu müstəqillik gününə - 1918-ci il 28 may tarixinə saatbasaat yaxınlaşırdı. "Rus çarizminin süqutu, Rusiyada oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Cənubi Qafqazda, Zaqafqaziyada mövcud olan siyasi qüvvələrin qızğın fəaliyyəti bunların hamısı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şəraiti təmin etmişdi". Romanovlar monarxiyasının süqutundan sonra yaranmış gənc Azərbaycan dövləti saysız-hesabsız problemlərlə qarşılaşdı. Bu dövlət son dərəcə mürəkkəb və olduqca əlverişsiz beynəlxalq şəraitdə mövcud olmuşdu: birinci dünya müharibəsi, Rusiyada vətəndaş müharibəsi, xarici hərbi müdaxilə.

Siyasi razılığa gəlmiş milli-demokratik hərəkatların nümayəndələrinin daxil olduğu Zaqafqaziya Seyminin təşkili AXC-nin yaranmasını sürətləndirdi (Zaqafqaziya Seymi. Stenoqrafik hesabat. Tiflis, 1918, s. 1). Zaqafqaziya Seyminin bölgədə vəziyyətə nəzarəti ələ keçirmək cəhdləri Bakı Sovetinin narahatlığını get-gedə artırırdı. Lakin Bakıda Şaumyanın diktatorluq cəhdlərinə qarşı çox fəal müxalifət (Şəhər duması, Uprava) yaranmaqda idi.

Bakı Sovetinin rəhbərliyi əvvəlcə Bakıda, sonra isə Azərbaycanın bütün ərazisində tam ağalıq etmək planları hazırlamağa başlamışdır. Şəhərdə bolşevik-daşnak diktaturası qurmaq məqsədilə siyasi şərait yetişməkdə idi. 1918-ci ilin əvvəllərində iki siyasi doktrinanın simboziumu yaranmışdı. Milli Azərbaycan təşkilatları bu doktrinaların yolunda başlıca maneə idi. Erməni siyasi qüvvələri tarixdə ən dəhşətli bir aktı - azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirməyə başlamışdı. 1918-ci ilin martında Bakıda hakimiyyəti ələ keçirmək üçün göstərilən hərbi cəhd erməni-bolşevik qüvvələrinin aşkar üstünlüyü nəticəsində bolşevik kamuflyajı altında müsəlman əhalisini fiziki məhv edilməsi ilə nəticələndi. Onlar "təkcə müsavatçıları deyil, ümumiyyətlə müsəlmanları..." məhv edirdilər (“Ciznj naüionaljnostey” 1919-cu il, 16 iyul). Şəhərdə hakimiyyət bütünlüklə Şaumyanın və onun kampaniyasının əlinə keçmişdi. Əslində müdafiəsiz qalmış şəhər erməni şovinistlərin əlində kirov idi. Erməni rəhbərləri həyasızcasına bildirirdilər ki, "erməni xalqı müsəlmanlarla müharibə etmək arzusundadır..." Ermənilərin insana nifrət ruhlu planları Şamaxıda, Qubada, Göyçayda və Azərbaycanın digər yaşayış məntəqələrində davam edirdi. "1918-ci ilin mart ayında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən soyqırımı xalqımıza böyük zərbələr vurmuşdur". Lakin onların bu müvəqqəti "uğuru" sonradan həm ermənilər, həm də bolşeviklər üçün məğlubiyyətə çevrildi.

Zaqafqaziya Seymi öz işini Tiflisdə davam etdirirdi.

Fətəli xan Xoyski regionda siyasi vəziyyətin dəyişəcəyini qabaqcadan hiss edirdi. O, Gürcüstan nümayəndələrinin Seymdən çıxması xəbərini çox təmkinlə qarşılamış və Azərbaycan nümayəndə heyəti adından çıxışında demişdi: “Zaqafqaziya xalqlarını bir-biri ilə çox sıx bağlayan mənafelər o qədər çoxdur ki, onları bir-birindən asanlıqla və sadəcə ayırmaq mümkün deyildir. Lakin əgər gürcülər bunu istəyirsə, indən belə biz buna mane ola bilmərik və Azərbaycan türklərinin bu hadisəyə müvafiq qərar qəbul etməkdən başqa heç bir çarəsi qalmır”.

Ertəsi gün – mayın 26-da o vaxtadək cəmi üç ay işləmiş Zaqafqaziya Seymi özünün son iclasına toplaşdı və öz səlahiyyət müddətinin başa çatdığını elan etdi. Seymin müsəlman deputatları Azərbaycan Milli Şurasını yaratdılar. Mayın 28-də isə Azərbaycan Milli Şurası Tiflis canişininin sarayında özünün ikinci iclasına toplaşaraq uzun-uzadı çıxışlardan və müzakirələrdən sonra adbaad səsvermə nəticəsində saat 20.10-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul etdi. Milli Şura F.Xoyskini Nazirlər Şurasının sədri seçdi və ona tapşırdı ki, müvəqqəti hökumət yaratsın.

Bu tarixi iclasda H.B.Ağayev, X.Xasməmmədov, N.Yusifbəyli, M.Q.Seyidov, A.Şeyxülislamov, S.M.Qənizadə, D.Axundov və başqaları iştirak edirdilər. O vaxt Batum konfransında olan M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçildi.

Cümhuriyyətin elan edilməsi Azərbaycan xalqının həyatında çox böyük bir hadisə, milli siyasi qüvvələrin fəaliyyətinin zirvəsi oldu. "XX əsrin əvvəlində... xalqımız milli azadlığını bəyan etdi, öz milli dövlətini yaratmağa başladı".

Şərqdə ilk demokratik dövlət olan AXC-nin yaradılması Azərbaycanda fəaliyyət göstərən azsaylı, lakin demokratik sistemlərin və parlamentarizmin formalaşması Qərbdə və Rusiyada toplanmış bütün nəzəri və əməli təcrübəni özündə cəmləşdirən mütərəqqi təfəkkürlü, "...öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş..." Məhz ziyalılar bütün xalqı dövlətçiliyin sivil inkişaf zirvələrinə çatdırmaqdan ibarət müqəddəs bir missiyanı öz üzərinə götürmüşdü. "Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Xalq Cümhuriyyətini yaradanlar... Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər".

Azərbaycanda dini mənsubiyyətə görə fərq qoymadan vətəndaşların hüquq və azadlıqları təmin edilmişdir. Bu, AXC-nin baniləri tərəfindən elan edilmiş dövlətin demokratik mahiyyətini bir daha təsdiq edir. Bəli, bu, fenomenal hadisə idi. Axı, XX əsrin əvvəllərində Şərqdə yalnız monarxiya, hərbi-feodal recimləri hökm sürürdü, AXC-nin yaradıcıları isə vətəndaş razılığına və sülhə əsaslanan dövlət, əsl demokratik, dünyəvi, unitar dövlət, zorakılığdan imtina edən dövlət yaratmışdılar. "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu". Azarbaycan irəliyə doğru böyük bir addım ataraq parlament tipli demokratik respublikaya çevrildi. Bu məsələdə Azərbaycan türklərinin üzərinə böyük məsuliyyət düşürdü, çünki əhalinin əksəriyyəti məhz onlardan ibarət idi. AXC rəhbərlərinin o vaxtkı addımları ilə hazırda dünyada baş verən inteqrasiya prosesləri arasında oxşarlıq çoxdur. Azərbaycanlı demokratlar hələ o vaxt dövlət səviyyəsində "Qafqazda konfederasiya yaradılmasına" dinc Ümumqafqaz evi yaradılmasına tərəfdar çıxdıqlarını bildirirdilər.

1918-ci il mayın 28-də keçirilmiş tarixi iclasda F.Xoyskinin rəhbərliyi altında ilk Nazirlər Kabineti yaradılmışdı. 9 nazirdən ibarət olan bu hökumət 1918-ci il mayın 28-dən iyunun 17-dək fəaliyyət göstərmişdir. Hadisələr çox mürəkkəb və ziddiyyətli şəkildə inkişaf edirdi. İyunun 16-da Milli Şura və I hökumət Azərbaycanın müvəqqəti paytaxtına - Gəncəyə köçdü. Türkiyə ilə AXC arasında “Sülh və dostluq haqqında” 1918-ci il iyunun 4-də bağlanmış müqaviləyə əsasən Batuma gəlmiş Türkiyə hərbi missiyası (general Nuru Paşa, Ənvər Paşa) artıq burada idi.

Milli Şuranın 17 iyun tarixli iclasında I kabinet buraxılmış və 12 nazirdən ibarət II kabinetin heyəti yaradılmışdı (17 iyun - 7 dekabr 1918-ci il). 1918-ci ilin oktyabr ayında bu hökumətin tərkibində bəzi kadr dəyişiklikləri edilmişdi. 1918-ci il iyunun 27-də Hökumət tərəfindən "Dövlət dili haqqında" qərar qəbul edilməsi mühüm hadisə oldu. Hökumətin 24 iyun 1918-ci il tarixli qərarı ilə dövlət bayrağı - üzərində ağ rəngli aypara və ağ rəngli səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq qəbul edildi (sonradan həmin bayraq üçrəngli bayraqla əvəz edildi).

AXC-nin fəaliyyətinin Gəncə dövrü dövlətçiliyimizin yaranması və inkişafında mürəkkəb mərhələlərindən biri olmuşdu. Bakı Soveti silahlı qüvvələrinin həmlələrini dəf etmək, sonra isə Bakını azad etmək lazım idi. AXC-nin rəhbərləri, milli demokratik hərəkatın nümayəndələri "Gəncədə az bir müddətdə çox işlər görmüşlər və yalnız 1918-ci il sentyabr ayının 17-də Azərbaycanın paytaxtı Bakıya gələ bilmişlər". Beləliklə, 1918-ci ilin sentyabrında Bakıda və Bakı quberniyasında ermənilərin siyasi hökmranlıq etmək cəhdləri tam iflasa uğradı. Azərbaycan paytaxtı oyuncaq "Sentrokaspi diktaturası" hökumətindən azad edildi. İyun ayından sentyabrın 16-dək Gəncədə fəaliyyət göstərmiş hökumət və Milli Şura Bakıya köçdü.

Daşnakların və bolşeviklərin inadlı müqavimətinə baxmayaraq Azərbaycan və Türkiyə ordularının birgə səyləri sayəsində 1918-ci il sentyabrın 15-də Bakı azad edildi. Sentyabrın 23-də Azərbaycan hökuməti Bakıya köçdü. İlk vaxtlarda nazirlərin əksəriyyəti və hökumətin sədri “Metropol” otelinin otaqlarında (hazırda həmin binada Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi yerləşir) işləyirdi. Hər gün saat 12-dən 14-dək Fətəli xan 31-ci otaqda vətəndaşları qəbul edirdi.

Azərbaycan hökumətinin 9 noyabr 1918-ci il tarixli qərarına əsasən milli bayraq qəbul edildi. Bu bayrağın üç rəngi bizim türk dünyasına mənsub olmağımızı, dünyəvi, demokratik-hüquqi dövlət yaratmaq cəhdimizi və islam sivilizasiyasına aidliyimizi vurğulayırdı.

1919-cu ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan edildi. Bu məsələ hökumətdə müzakirə edilərkən müsabiqədə qalib sayılmış gerb ölkəmizin Dövlət Gerbi kimi təsdiq edildi. Son onilliklərdə ilk dəfədir ki, Azərbaycanda ölkənin dövlət atributlarına, dövlət rəmzlərinin əhali arasında, böyəməkdə olan nəsil arasında geniş təbliğinə böyük əhəmiyyət verilir. Bu, nəsillərin varisliyini təsdiq edən daha bir sübutdur.

Azərbaycan hökuməti Bakıya köçəndən sonra vaxtilə hələ Bakı Xalq Komissarları Şurası (Bakı kommunası) və Bakı Soveti tərəfindən fəaliyyətləri qadağan edilmiş milli-siyasi və ictimai təşkilatların demək olar ki, hamısının fəaliyyətini bərpa etdi.

1918-ci il noyabrın 12-də hökumətin mətbu orqanı olan "Azərbaycan" qəzetində dərc edilmiş məlumatda bildirilirdi ki, hökumət əhalinin bütün təbəqələrinin və milli azlıqların nümayəndələrindən təşkil olunmuş, "bütün xalqın iradəsinin ifadəçisi ola biləcək" parlament çağırılması barədə qərar qəbul etmişdir. 1918-ci il noyabrın 19-da Azərbaycan Milli Şurası parlamentin yaradılması barədə qanunu təsdiq etdi. Bu hadisə hökumətin nəcib niyyətini əyani şəkildə sübut edirdi. Qərarda göstərilirdi ki, qanunverici orqan olan parlament ölkənin bütün əhalisini təmsil etməli və xalqın iradəsini ifadə etməlidir. Azərbaycan Milli Şurası başqa milli şuralarla, siyasi partiyalarla, ictimai təşkilatlarla danışıqlar aparır, müstəsna təmkin, yüksək siyasi mədəniyyət və kompromisə cəhd etdiyini göstərirdi. Bütün bunlar Azərbaycan milli demokratik hərəkatının liderlərinin əsl demokratik və planetar miqyaslı təfəkkürünü, onların demokratiya ideallarına və ümumbəşəri dəyərlərə həqiqətən sadiq olmalarına dəlalət edirdi.

"Yaxşı siyasət, yaxşı əxlaqdan fərqlənmir" dünya qədər qədim tarixə malik olan bu kəlam Azərbaycan ziyalılarının, AXC liderlərinin və onun banilərinin fəaliyyət prinsipinə çevrildi. Ötən zaman bu insanların əsas tutduqları ideyaların, fikirlərin, onların qəbul etdikləri qərar və təşəbbüslərin düzgün və həyat qabiliyyətli olduğunu təsdiq edir. XXI əsrin astanasında bəşəriyyətin qlobal problemlərinin həlli mənəvi və ümumbəşəri dəyərlərdən ayrılmazdır. Bu gün bütün ictimai-siyasi həyatın humanistləşməsi bəşəriyyətin əlifbasına çevrilmişdir. Hələ XX yüzilliyin başlanğıcında Azərbaycan demokratiyasının əsasını qoyanlar insan hüquqlarına hörmət prinsipinin, dövlətlər arasında bərabərhüquqlu və qarşılıqlı sərfəli münasibətlərə riayət etməyin zəruriliyini, zor işlətməyin yolverilməzliyini, dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinin əhəmiyyətini başa düşür və bu prinsiplərə əməl edirdilər. Bu ideya və niyyətlərin həyat qabiliyyətli olması XXI əsrin astanasında bir daha əyani şəkildə təsdiq edilir.

AXC parlamenti demokratizm, xalq hakimiyyəti pirinsiplərinin hökm sürdüyü bir tribuna oldu. Azərbaycan tarixində ilk parlamentin iclası 1918-ci il dekabrın 7-də Bakıda açıldı. O vaxt respublikanın İstanbuldakı səlahiyyətli nümayəndəsi olan Əlimərdan bəy Topçubaşov yekdilliklə parlamentin sədri, uzun müddət Azərbaycan parlamentinin faktiki rəhbəri olmuş Həsən bəy Ağayev isə həmsədr seçildi.

AXC parlamenti iclasının açılışı Azərbaycanın müstəqilliyi tarixində ən böyük hadisə oldu. Parlamentin ilk iclasında M.Ə.Rəsulzadədən sonra çıxış edən F.Xoyski deputatlara müraciətlə demişdi: “Azərbaycan parlamentinin möhtəşəm üzvləri! Bu gün o qədər böyük, əziz və təntənəli bir gündür ki, biz azərbaycanlılar bunu xəyalımıza gətirə bilməzdik. Bu gün – biz milli suverenlik qazandığımız gün hökumət məni müvəkkil edib ki, bu bayram münasibətilə sizin hamınızı təbrik edim. Sizə hesabat verməli olan hökumət özünün fəaliyyəti və onun hansı şəraitdə işləməsi barədə sizə məlumat verməyə borcludur”.

Hökumətin başçısı parlamentin iclaslarında müntəzəm olaraq çıxış edir, ən mühüm qanunların qəbul edilməsinə nail olurdu. Dekabrın 26-da söylədiyi nitqində F.Xoyski qeyd edirdi ki, “biz nə qədər sülhsevər adamlar olsaq da, dövlət öz hüquq və mənafelərini müdafiə etmək üçün silahlı qüvvəyə, orduya arxalanmalıdır”. Fətəli xanın tələbi ilə parlament 1919-cu ildə hərbi nazirliyin ehtiyacları üçün büdcədən 400 milyon manata yaxın vəsait ayırmışdı ki, bu da dövlət büdcəsinin təqribən altıda bir hissəsinə bərabər idi.

Antanta İttifaqının üzvü olan ölkələrin Bakıdakı hərbi nümayəndəsi general Tomson özünün 2 dekabr 1918-ci il tarixli bəyanatında belə bir məqamı xüsusi vurğulamışdı ki, “F.Xoyskinin rəhbərliyi altında yaradılmış koalisiya hökuməti Azərbaycanda yeganə qanuni hökumətdir”. Fətəli xanı “Bakıda ən qabiliyyətli adamlardan biri” kimi səciyyələndirən general Tomson baş nazirə dərin hörmət bəslədiyini bildirmişdi. Doğurdan da F.Xoyski Azərbaycan hökuməti üçün ən mürəkkəb və onun fəaliyyətinin ən çətin dövründə bu hökumətə rəhbərlik etmişdi.

1920-ci il üçün Ünvan-təqvimdə dərc edilən məlumata görə Azərbaycan parlamentinin 96 üzvü vardır, 11 fraksiyadan ibarət olan parlamentdə Azərbaycanda yaşayan bütün millətlər təmsil edilmişdi. Lap əvvəldən parlamentin işini sabotac edən erməni siyasi təşkilatları parlamentin fəaliyyətini çox diqqətlə izləyir və bildirirdilər, "ermənilər heç vaxt müsəlman əhalisinin arzu və amallarını həyata keçirən parlamentin üzvü olmayacaqlar". Lakin 1919-cu il yanvarın axırlarında - fevralda erməni siyasi partiyaları və ictimai təşkilatları öz taktikalarını kökündən dəyişərək Azərbaycanın daxilində İrəvan intriqabazlarının mənafelərini daha tam təmin etməyə çalışaraq AXC-nin dövlət və siyasi strukturlarına soxulurlar.

Erməni deputatlar Azərbaycan parlamentində ilk dəfə 1919-cu il fevralın 18-də peyda oldular. Parlament sədrinin müavini Həsən bəy Ağayev onları rəsmən parlamentə təqdim etdi. Erməni deputatların hamısı nümayişkaranə şəkildə iclas zalının sol tərəfindəki oturacaqlarda əyləşdilər. Görünür, onların bu hərəkəti ermənilərin ifrat millətçi ideyalara sadiq qalacaqlarını göstərirdi.

Parlament respublikanın ali qanunverici orqanı oldu. Kabinetin yaradılması barədə AXC hökuməti başçısının məruzələri parlamentin iclaslarında dinlənilir, ən mühüm sənədlər, qanunlar, normativ aktlar, müraciətlər və hökumətin tərkibi bu iclaslarda təsdiq edilirdi.

Parlament və Hökumət hərbi nazirliyin ehtiyaclarına çox həssas yanaşırdı. Parlamentin fəaliyyətinin 7 dekabr 1918-ci ildən 27 aprel 1920-ci ilədək olan dövründə onun iclaslarında hərbi nazirlik tərəfindən təqdim edilmiş, respublikada hərbi quruculuğun müxtəlif cəhətləri ilə bağlı 9 qanun layihəsi müzakirə edilmişdi.

AXC çox mürəkkəb tarixi və geosiyasi şəraitdə yaşayır və işləyirdi. "Azərbaycan bu coğrafi-strateci əhəmiyyətinə, təbii sərvətlərinə, xüsusən neft yataqlarına görə dünyanın bir çox dövlətlərinin marağını cəlb etmişdi. Azərbaycanı əhatə edən, Azərbaycanın daxilində olan, ayrı-ayrı millətlərə mənsub qüvvələr də ölkəmizin müstəqil olmasını heç də istəmirdilər". Gənc respublikanın suverenliyi və ərazi bütövlüyü üçün şimaldan (general Denikin) və cənub-qərbdən (daşnak Ermənistanı) real təhlükə olması Azərbaycan xalqının milli mənafelərini qorumaq üçün təsirli tədbirlər görülməsini tələb edirdi. Bununla belə, Azərbaycan Respublikasının hərbi doktrinası müdafiə xarakteri daşıyırdı. Ən məsuliyyətli bir tarixi dövrdə - 1918-1920-ci illərdə tarixi Azərbaycan ərazilərinin daşnak Ermənistan tərəfindən işğal və ilhaq edilməsinə yönəlmiş, açıq-aşkar, həyasızcasına və insana yaraşmayan işğalçılıq siyasəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda ciddi maneələrdən biri olur. Daşnakların Azərbaycana qarşı ərazi iddiaları miqyas və xarakter etibarı ilə müxtəlif olsa da bu proses bütün XX yüzillik boyu permanent şəkildə davam etmiş, "...1918, 1919, 1920-ci illərdə də Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ problemi ilə rastlaşmışdı". Ermənistan Respublikası elan ediləndən dərhal sonra - 1918-ci ilin yayında daşnak Ermənistanının təcavüzü başlandı. Ermənistanın hakim dairələri Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, Gəncə quberniyasının cənub hissəsini, Qarabağı, Zəngəzuru və Naxçıvanı bu siyahıya daxil edirdilər. "Azərbaycan ərazisinin bir qismini ələ keçirmək məqsədilə Ermənistan tərəfindən respublikamıza qarşı təcavüz başlandı”. Daşnakların lideri A.Mikoyan 1918-ci ilin noyabrında bildirdi ki, bu proqramı xaricdən gələn daşnak emissarları, eləcə də əli silah tutmağı bacaran çağırış yaşlı ermənilər həyata keçirməli idilər. Ermənilər təkidlə tələb edirdirdi ki, Qarabağın ermənilər yaşayan hissəsində hakimiyyət ermənilərin əlinə keçməlidir. Əslində isə məsələ başqa cür idi. Ermənilərin işğalçılıq niyyətləri onların uydurma "Böyük Ermənistan" adlandırdıqları geniş əraziyə şamil edilirdi. O vaxt ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq üçün çox böyük qüvvə sərf etmək lazım gəldi.

AXC hökuməti və parlamenti xarici siyasət sahəsində də müəyyən uğurlar əldə edə bilmişdi. Bu baxımdan parlamentin 27 iyun 1919-cu il tarixli fövqəladə iclası çox əlamətdardır. Həmin iclasda AXC ilə Gürcüstan Respublikası arasında həmin il iyunun 16-da Tiflisdə bağlanmış hərbi müdafiə sazişi ratifikasiya edildi. Parlament üzvləri bildirirdilər ki, bu gün Zaqafqaziya respublikalarının həyatında yeni eranın başlanğıcı olacaqdır. Onlar Zaqafqaziya demokratiyasının müstəqillik uğrunda mübarizə işində birləşməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayırdılar.

Qərbi Avropa və Amerika ölkələrində AXC-nin diplomatik missiyaları təsis edilmişdi.

1920-ci il yanvarın 11-də Paris sülh konfransında Antanta ölkələri Azərbaycanın müstəqilliyini de-fakto qəbul etdilər. Fransa, İran, Dağıstan, Gürcüstan və başqa ölkələrdə cümhuriyyətin siyasi nümayəndəlikləri fəaliyyət göstərirdi. Ölkəmiz haqqında məlumatlar ingilis, fransız, rus, alman və başqa dillərə tərcümə edilərək diplomatik kanallar vasitəsilə bütün dünyaya yayılırdı. Paris sülh konfransında Azərbaycan öz müstəqilliyinin de-fakto tanınmasına nail oldu. Azərbaycan hökumətinin bu münasibətlə hazırladığı Memorandumda deyilirdi: "Azərbaycan Respublikasının hökuməti və xalqı Azərbaycan xalqının müstəqilliyinin Avropa dövlətləri tərəfindən de-fakto tanınmasını və bununla da onun beynəlxalq birliyin üzvləri sırasına qəbul edilməsini böyük məmnuniyyət hissi ilə qarşılamışdır".

AXC-nin yeritdiyi sülhsevər xarici siyasətə baxmayaraq onu silahlı münaqişələrə cəlb etmək cəhdlərinə ara verilmirdi. Məsələn, 1920-ci il yanvarın əvvəllərində RSFSR xalq xarici işlər komissarı G.Çiçerin Fətəli xana teleqram göndərərək general A.Denikinə qarşı birgə hərbi əməliyyatlar keçirməyi təklif edirdi. Xoyskinin 19 yanvar 1920-ci il tarixli cavabında qeyd edilirdi ki, “Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəf mövqe tutur”. Lakin Rusiyanın xalq komissarı həmin il yanvarın 22-də təkrarən nota göndərərək təkidlə tələb edirdi ki, Azərbaycan hökuməti əksinqilabçı generala qarşı ümumi mübarizəyə qoşulsun.

Çiçerinin bu notası diplomatik etika normalarının açıq-aşkar və kobudcasına pozulması demək idi. F.Xoyski həmin notaya cavabında təmkinlilik göstərərək yazırdı: “Danışıqlar yalnız o halda başlana bilər ki, Sovet Rusiyası Azərbaycan Respublikasının müstəqilliyini və suverenliyini qeyd-şərtsiz qəbul etsin”.

Rusiya Fətəli xanın bu təklifinə cavab vermək əvəzinə Azərbaycanla sərhəddə öz qoşunlarını cəmləşdirdi. Bundan narahat olan F.Xoyski aprelin 15-də G.Çiçerinə aşağıdakı məzmunda teleqram göndərdi: “Rusiya silahlı qüvvələrinin Azərbaycan sərhədləri yaxınlığında, Dərbənd rayonunda cəmləşməsi müşahidə edilir. Sovet hakimiyyətinin niyyətləri Azərbaycana bəlli deyil. Buna görə də həmin rayonda qoşun cəmləşdirilməsinin səbəbləri və məqsədləri barədə bizə dərhal məlumat verməyinizi xahiş edirik”.

1919-1920-ci illərin keçidində AXC-nin vəziyyəti pisləşmişdi. Bu, bir tərəfdən Sovet Rusiyasının bu region barədə yeritdiyi siyasətdən, böyük dövlətlərin bu region uğrunda geosiyasi rəqabətindən, digər tərəfdən isə ondan irəli gəlirdi ki, "Azərbaycanın daxilində çox ziddiyyətli proseslər gedirdi. Parlamentdə ayrı-ayrı partiyalar bir-biri ilə rəqabət, hakimiyyət uğrunda mübarizə aparırdı. Şübhəsiz ki, bunlar da Xalq Cümhuriyyətinin fəaliyyətini zəiflədirdi ".

AXC parlamenti son dərəcə mürəkkəb və ziddiyyətli bir şəraitdə özünün sonuncu iclasında hakimiyyəti Azərbaycan İnqilabi Komitəsinə verərək öz fəaliyyətini dayandırdı.

1918-1920-ci illər dövründə baş vermiş ictimai-siyasi proseslərin təhlili müasir dövrümüzlə tarixi analogiya axtarmağa sövq edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə qeyd etdiyi kimi, 1991-ci ildən bəri yaşadığımız dövr müəyyən mənada 1918-1920-ci illərə bənzəyir, digər tərəfdən tarixi analogiyalar aparmaq zərurəti həm də onunla bağlıdır ki, “Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış demokratik respublikasının varisidir”.

Lətifə Məmmədova

Mədəniyyət Nazirliyinin sektor müdiri, UNESCO-nun “İnformasiya hamı üçün” Azərbaycan Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb