ELM VƏ TƏHSİL


Xalqımızın kimliyini sübut edən abidələrimiz - Şuşa qalası

Bakı, 17 noyabr, AZƏRTAC

Şuşa qalası şəhərin tarixi abidələrinin ən zəngini və möhtəşəmidir. Qala mövqeyinə görə Qarabağın kimliyini, nəyə qadir olduğunu göstərir.

Qala Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qalın müdafiə divarları idi. Tikilən zaman (1751-1752) bu qala onun banisi Qarabağ xanı Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılıb. Bir müddətdən sonra xalq onu Şuşa qalası adlandırıb. Çox ehtimal ki, bu ad yaxınlıqda yerləşən Şuşakəndin adından götürülüb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, Şuşa qalası ilə bağlı bir çox müəlliflərin, o cümlədən tarixçi Həsənəlixan Qarabağinin qeydlərinə görə, qalanın inkişafı işlərinə Molla Pənah Vaqif şəxsən nəzarət edib. Şuşa qalası zahiri görkəmi, quruluşu ilə diqqəti cəlb edir. Qalanın üç əsas qapısı olub: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapı Şuşanın XIX əsrdə çəkilmiş baş planında qeyd edilir. Qala Şuşa şəhərinin strukturuna, onun xüsusiyyətlərinə uyğun inşa edilib.

Pənahəli xanın çoxsaylı möhkəmləndirmə işlərinə baxmayaraq, Bayat qalası xarici hücumlara qarşı ümidləri doğrultmamışdı. Xan ailəsi Bayatda rahatlıq tapmır, hər an təhlükə hiss olunur. Buna görə də Pənahəlixan Şah bulağının yaxınlığında yeni qala üçün yer seçir. Mirzə Camal Cavanşirin “Qarabağ tarixi” əsərindəki “Rəhmətlik Pənahəli xan tərəfindən Qarabağda inşa edilmiş abidələr və bunlar haqqında” adlı bölmədə qeyd edilir: “Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, bazar inşa edilib”. Lakin bu qala da xanın ürəyincə olmur. O, yeni qala tikdirməyi əmr edir ki, bu da Şuşa qalası olur. Şahbulaq qalasının memarlıq üslubları, o cümlədən qala və məscid memarlığı sonradan Şuşa qalasında aparılan inşaat işlərinə əhəmiyyətli dərəcədə təsir etmişdi. Əslində Şuşa qalasının daxili qəsrləri memarlıq–planlaşdırma və həcm-fəza strukturu baxımından Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayırdı. Şuşa qalası Şahbulaq qəsrinə nisbətən daha təhlükəsiz coğrafi mövqeyə malik idi. Memarlıq üslubu cəhətdən daha zəngin idi.

Tarixçi Əhməd bəy Cavanşir yazırdı: “Şuşa qalasının inşası üçün seçilən əbədi keçilməz, əlçatmaz yer hətta ən güclü düşmənin belə onun mühasirəyə almasına imkan vermirdi”. Qalanın özəlliyi onda idi ki, o, əlçatmaz qayalarla əhatə olunmuş və təbii qala idi. Hər tərəfdən sıx meşələrlə əhatə olunmuş, içməli su quyuları ilə zəngin idi. Qala Qafqaz dağlarının yüksək zirvəsində inşa edilmişdi və təbii strateji üstünlüyə malik idi. Belə ki, Şuşa yaylasını əhatə edən üç tərəfdən yüksək qayalıqlar müxtəlif istiqamətlərdə bir-birinin üstündə ucalaraq, şimal istiqamət istisna olmaqla, bütün tərəflərdən “tamamilə əlçatmazdır”.

“Şuşa şəhərinin inşası zamanı yerli relyef əsas götürüldüyündən onun strukturu XVIII əsr qala salma mədəniyyətində yeni xüsusiyyətləri ilə seçilirdi. Qalanın böyük strateji üstünlüyə malik olmasını göstərən cəhətlərdən biri də artilleriyadan istifadənin nəzərə alınması idi. Məhz buna görə istər XVIII əsrin ikinci yarısında, istərsə də XIX əsrin birinci rübündə Şuşa alınmaz qala olduğunu, mühüm müdafiə sisteminə malik olduğunu göstərib. XIX əsrdə qalanın yenidən qurulması və möhkəmləndirilməsi nəticəsində onun ilkin görünüşü qismən dəyişdirilib, ona yeni müdafiə qüllələri əlavə olunmuşdu. Qalanın Gəncə (və ya Giləbörd) qapısı yolu Gəncə şəhəri və Qarabağ xanlığının Giləbörd mahalını birləşdirirdi. Qalanın İrəvan qapısı (və ya Xəlfəli) qərbdə yerləşirdi. Bu qapıdan çıxan yol Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. Qalanın Ağoğlan qapısı (və ya Şuşakənd) şərq tərəfdə yerləşirdi və şəhərin aşağı hissəsinə girişi təmin edirdi. Bu qapıdan çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirirdi. Müəlliflərin məlumatına görə, qalanın iç hissəsində Pənahəli xan və ailəsi üçün qəsr də inşa edilmişdi.

Qarabağın, o cümlədən Şuşanın erməni faşistlərindən azad edilməsi bu yerlərdəki tarixi-mədəniyyət abidələrini də erməni əsarətindən xilas etdi. Əminik ki, dövlətimiz tərəfindən həyata keçiriləcək layihələr əsasında Şuşanın tarixi abidələri əvvəlki görkəminə qayıdacaq”, - deyə tarixçi-alim qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.